“Prokurorluq hüquqi dövlətin əsas təminatçılarındandır” - Xanlar Vəliyev

  07 May 2020    Oxunub : 1647
 “Prokurorluq hüquqi dövlətin əsas təminatçılarındandır” - Xanlar Vəliyev
"Əsası müasir Azərbaycanın qurucusu Heydər Əliyev tərəfindən qoyulan bütün hüquq mühafizə orqanlarına, o cümlədən prokurorluğa hərtərəfli diqqət və dövlət qayğısı göstərilməsi ənənəsi bu gün də, möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən davam etdirilir. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 27 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı” da bu qayğının bariz nümunəsi olub".
Azvision.az xəbər verir ki, bunu Hərbi prokuror Xanlar Vəliyev qələmə aldığı yeni məqaləsində bildirib.

Hərbi prokurorun sözlərinə görə, Azərbaycan Prokurorluğunun tarixində inkişafın, təkmilləşmənin və hərtərəfli müasirləşdirmənin təməlini qoyan bu proqramda nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi, hüquq sisteminin inkişafı prosesində prokurorluğun rolunun artırılmasına, fəaliyyətinin daha səmərəli təşkilinə, digər hüquq-mühafizə orqanları ilə əlaqələrin genişləndirilməsinə, eləcə də, prokurorluq işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə və prokurorluğun maddi-texniki təminatının yaxşılaşdırılmasına hərtərəfli rəvac verdi ki, bu da əməkdaşlarda böyük ruh yüksəkliyinə səbəb olmaqla, prokurorluğun növbəti uğurlarına zəmin yaratdı.

"Hərbi Prokurorluq orqanlarının işinin daha səmərəli təşkil olunması, cinayətkarlığa və hüquq pozuntularına qarşı mübarizənin effektivliyinin artırılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” 2005-ci il 30 sentyabr tarixli Azərbaycan Respublikasının Qanunu ilə Hərbi Prokurorluğa Silahlı Qüvvələrdə törədilən və hazırlanan cinayətlərin qarşısının alınmasında mühüm əhəmiyyətə malik əlavə səlahiyyətlərin verilməsi və buna uyğun olaraq mövcud strukturda müvafiq dəyişikliklər edilməklə yeni qurumların yaradılması Hərbi Prokurorluğun fəaliyyətinə verilən növbəti yüksək dəyərin təcəssümü idi.

Hərbi Prokurorluğun kollektivi də ulu öndər Heydər Əliyevin millətimizin və dövlətimizin maraqlarına xidmət edən müdrik siyasətinin möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsində, onun rəhbərliyi ilə görülən böyük işlərdə və həyata keçirilən mütərəqqi islahatlarda yaxından iştirak edərək, dövlət müstəqilliyinin, ictimai-siyasi sabitliyin, əmin-amanlığın qorunması, qanunun aliliyinin təmin edilməsi, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi, Silahlı Qüvvələrdə hərbi intizamın, qanunçuluğun və hüquq qaydasının daha da möhkəmləndirilməsi istiqamətindəki fəaliyyətinin effektivliyini daim artırmaqla, cinayətkarlığa və digər qanun pozuntularına, eləcə də dövlətimizin qüdrətlənməsinə xələl gətirə biləcək hallara qarşı mübarizədə barışmaz mövqe tutaraq üzərinə düşən bütün vəzifələri ləyaqətlə yerinə yetirir", - deyə Xanlar Vəliyev qeyd edib.

Azvision.az

Teqlər: Hərbi-prokuror   Xanlar-Vəliyev