“Milli diviziya Qafqazdan Berlinədək şanlı yol keçib” - Spiker

  07 May 2020    Oxunub : 2274
“Milli diviziya Qafqazdan Berlinədək şanlı yol keçib” -  Spiker
Mayın 7-də Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının Beynəlxalq məsələlər komitəsinin təşkilatçılığı ilə Böyük Vətən Müharibəsində Qələbənin 75-ci ildönümünə həsr olunmuş videokonfrans keçirilib.
Milli Məclis Aparatının Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Azvision.az -a verilən məlumata görə, videokonfransda Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova çıxış edib.

Spikerin çıxışını təqdim edirik:

"Əvvəlcə, istərdim Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi münasibəti ilə videokonfransın keçirilməsinin əhəmiyyətini qeyd edim, bu tədbirə dəvət üçün minnətdarlığımı bildirim. Bu günlərdə biz, hamımız üçün çox əlamətdar olan tarixi bir günü – Qələbə Gününü qeyd edirik.

Biz öz ölkəsinin azadlığı uğrunda canlarından keçmiş insanları böyük minnətdarlıq hissi və ağrı ilə xatırlayırıq. Mənim ölkəmin, Azərbaycanın bu Qələbəyə verdiyi töhfəni dəyərləndirməmək mümkün deyil. Burada Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin çıxışlarından birində söylədiyi fikir yada düşür: “Tarix bu gün də bilməlidir ki, Azərbaycanın İkinci Dünya Müharibəsində xidmətləri, fəaliyyəti və rolu çox böyük olmuşdur”.

Sovet İttifaqında, haqlı olaraq, əsas yanacaq tədarükçüsü kimi tanınan Azərbaycan Qızıl Ordunun çox güclü yanacaq bazasına çevrilib. Böyük Vətən Müharibəsində Azərbaycan cəbhəyə 75 milyon ton neft göndərib ki, bu da böyük Qələbənin əldə olunmasında əhəmiyyətli rol oynayıb. Azərbaycan milli diviziyaları alman-faşist qoşunlarının darmadağın edilməsində: 77-ci diviziya Polşa və Çexoslovakiyanın, 223-cü diviziya Yuqoslaviyanın azad olunmasında böyük rol oynayıb, məşhur 416-cı Taqanroq Azərbaycan milli diviziyası isə Qafqazdan Berlinədək şanlı yol keçib.

Qeyd etmək lazımdır ki, 130-dan çox Azərbaycan nümayəndəsi Sovet İttifaqı Qəhrəmanı kimi ən yüksək ada layiq görülüb. 30 nəfər “Şərəf” Ordeninin hər üç dərəcəsi ilə, 170 min insan isə müxtəlif orden və medallarla təltif olunub. Bu statistik göstəricilər Azərbaycan xalqının qəhrəmanlığını bir daha təsdiqləyir.

O illərdə Azərbaycan zəhmətkeşləri böyük fədakarlıq göstəriblər. Arxa cəbhədə, Azərbaycanın sənaye müəssisələrində 130 adda silah və sursat istehsal olunub. Əlbəttə ki, bu, Qələbənin qazanılmasına böyük töhfə olub.

Məndən öncə qeyd olunduğu kimi, təəssüflə bildirməliyəm ki, son zamanlar bir sıra qüvvələr İkinci Dünya Müharibəsində Hitler qoşunlarının darmadağın edilməsində Sovet İttifaqının rolunu inkar etməyə cəhd edirlər. Bu qəbuledilməz və yolverilməzdir. Mən inanıram ki, biz, siyasətçilər, o cümlədən dünya ictimaiyyəti həqiqətin qorunmasında əzmli olmalıyıq.
Bu gün neofaşist meyllərin güclənməsi haqlı narahatlıq yaradır. Axı, bizə elə gəlirdi ki, faşist ideologiyası ilə birdəfəlik qurtarılıb və bir daha bu hal təkrarlanmayacaq. Ancaq təəssüf ki, biz görürük ki, tarixin saxtalaşdırılması ilə yanaşı, faşizmin və onun təhrikçilərinin qəhrəmanlaşdırılması prosesi gedir. Məsələn, Ermənistan Respublikasında nasist Qaragin Njdeyə milli qəhrəman kimi abidənin ucaldılması faktı bizi narahat etməyə bilməz. Biz hesab edirik ki, faşizm bütün bəşəriyyət tərəfindən qınanıldığına görə belə hallara dözümlülük göstərmək olmaz.

Biz qəlbən inanırıq ki, bu müharibədə şərəfli döyüş yolu keçmiş əsgərlərin xatirələrdən silinməyən qəhrəmanlığı və şücaəti gələcək nəsillər üçün əsl vətənpərvərlik nümunəsi olacaq. Qeyd etmək istərdim ki, bizim ölkəmizdə İkinci Dünya Müharibəsi veteranlarına diqqət və hərtərəfli qayğı dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən müharibə veteranlarına qayğının və onların sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı imzalanmış çoxsaylı sərəncamlar buna parlaq misaldır.

Vurğulamaq istəyirəm ki, bu günlərdə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən “Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi” yubiley medalının təsis edilməsi ilə əlaqədar qanun qəbul olunub.

Çıxışımın sonunda tədbir iştirakçılarını yaxınlaşmaqda olan bayram – Böyük Qələbə Günü münasibəti ilə təbrik edir, Sizə və ölkələrinizə sülh və əmin-amanlıq arzulayıram!
Diqqətinizə görə təşəkkür edirəm!”

Videokonfransda çıxış edən Belarus, Özbəkistan, Qırğızıstan, Moldova Respublikalarının parlament sədrləri və digər iştirakçılar Böyük Vətən Müharibəsində Qələbənin 75-ci ildönümü münasibətilə öz fikirlərini söyləyiblər.

Bununla da Böyük Vətən Müharibəsində Qələbənin 75-ci ildönümünə həsr olunmuş videokonfrans başa çatıb.

Azvision.az

Teqlər: Spiker   Videokonfrans