“Sağalanlar arasında 84 və 92 yaşlı şəxslər də var” - TƏBİB sədri

 “Sağalanlar arasında 84 və 92 yaşlı şəxslər də var” -    TƏBİB sədri
  08 May 2020    Oxunub:3949
Azərbaycanda cəmi 2 min 204 yoluxma faktı, 28 ölüm faktı qeydə alınıb. 1551 nəfər müalicə olunaraq sağalıb ki, onlar arasında 84 və 92 yaşlı şəxslər də var. Hazırda aktiv xəstə sayı 625-dir. Qadınlar arasında yoluxma 54 faiz, kişilər arasında 46 faizdir.
Azvision.az xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı deyib.

Onun sözlərinə görə, yoluxmanın aşkarlanması məqsədilə ölkəmizdə 176 minə yaxın test icra olunub. Hazırda gündəlik 4-6 min test icra etmək iqtidarına malikik.

TƏBİB-in sədri qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə pandemiya dövründə Azərbaycanda virusun geniş yayılmasının qarşısının alınması üçün ölkə ərazisində çevik və sistemli preventiv tədbirlər həyata keçirilib, virusun xaricdən idxalının qarşısının alınması məqsədilə dövlət sərhədləri müvəqqəti bağlanıb:

"Martın 14-dən etibarən izolyasiya qaydaları tətbiq olunub, daha sonra xüsusi karantin rejimi elan edilib. Bütün bunlar ölkədə xəstəliyin kütləvi yayılmasının qarşısını alıb. Xarici ölkələrdən gətirilən minlərlə soydaşımız 14 gün müddətində karantində saxlanılıb".

R.Bayramlı vurğulayıb ki, ölkəmizə Avropa istehsalı olan laborator testlər, tibb avadanlığı və ləvazimatlar, qoruyucu vasitələr vaxtında gətirilərək tibb müəssisələrinə təhvil verilib.

"Azərbaycanda COVID-19 virusunun müntəzəm diaqnostikası üçün 18 laboratoriyanın fəaliyyəti təmin edilib, ən müasir avadanlıqlarla təchiz olunmuş 575 çarpayılıq “Yeni klinika” istifadəyə verilib, 10 modul tipli yeni xəstəxananın tikintisinə başlanıb və bu gün Bakıda modul tipli ilk xəstəxana kompleksinin açılışı olub.

18 mart 2020-ci il tarixli Prezident Sərəncamı ilə tibb işçilərinin sosial müdafiəsi gücləndirilib, dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına aylıq vəzifə maaşının 3-5 misli miqdarında əlavə müəyyən edilib. Heydər Əliyev Fondu və Heydər Əliyev Mərkəzinin dəstəyi ilə yeni Çağrı Mərkəzi yaradılıb, koronaviruslu xəstələrin müalicəsinə cəlb olunmuş həkimlərə və tibb personalına psixoloji dəstək göstərilməsinə başlanıb. Sumqayıtda tibbi maska istehsalı müəssisəsi açılıb", - deyə R.Bayramlı qeyd edib.

Azvision.az


Teqlər: TƏBİB   Ramib-Bayramlı  





Xəbər lenti