“Heydər Əliyevin başladığı işlər eyni əzmlə davam etdirilir” - Spiker

  08 May 2020    Oxunub : 1702
 “Heydər Əliyevin başladığı işlər eyni əzmlə davam etdirilir” - Spiker
“Mayın 10-da ulu öndər Heydər Əliyevin anadan olmasının 97 illiyi tamam olacaq”.
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin Sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Spiker bildirib ki, Heydər Əliyev Azərbaycan xalqının öz tarixi ərzində yetişdirdiyi ən böyük şəxsiyyətlərdən biridir: “Xalqımızın yaradıcı zəkasını və enerjisini təcəssüm etdirən Ulu Öndər millətimizin şərəf və ləyaqət rəmzinə çevrilib. Onun sayəsində xalqımız əvvəlcə dövlət müstəqilliyinin möhkəm təməlini yaradıb, sonra isə müstəqil milli dövlətçiliyini qoruyub saxlayıb və ardıcıl inkişaf yoluna çıxarıb. 1960-cı illərin axırlarında və 1990-cı illərin əvvəllərində ulu öndərin hakimiyyətə hər iki gəlişi ölkəmizin və xalqımızın çox ağır sınaqlara çəkildiyi dövrlərə təsadüf edib. Hər dəfə də Heydər Əliyev ona bəslənən ümidləri doğruldaraq, xilaskarlıq və quruculuq missiyasını uğurla həyata keçirmiş və əsl milli lider olduğunu sübuta yetirib. Ulu öndərin zəhmətinin bəhrəsi olan müstəqil Azərbaycan dövləti bu gün etibarlı əllərdədir, başladığı bütün işlər eyni əzm və iradə ilə davam etdirilir”.

S.Qafarova qeyd edib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi müdrik siyasət Azərbaycanı dünyanın ən dinamik inkişaf edən dövlətlərindən birinə çevirib: “Azərbaycanın xoşbəxt gələcəyi İlham Əliyev tərəfindən uğurla davam etdirilən Heydər Əliyev siyasi xətti ilə bağlıdır. Ulu öndərin qüdrətli zəkasından güc almış inkişaf strategiyası İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın müstəqillik yollarında ardıcıl irəliləməsini, xalqımızın daha firavan günlərə qovuşmasını təmin edir”.

Anar Kəlbiyev
Azvision.az

Teqlər: Milli-Məclis   Spiker   Sahibə-Qafarova