Yeni sosial sığorta haqları müəyyən edildi

   Yeni sosial sığorta haqları müəyyən edildi
  08 May 2020    Oxunub:2502
Milli Məclisin bu gün keçirilən plenar iclasında “Sosial sığorta haqqında” qanuna təklif edilən dəyişiklik müzakirəyə çıxarılıb.
Azvision.az xəbər verir ki, dəyişiklik layihəsi barədə Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev məlumat verib.

Qüvvədə olan qanuna görə, sahibkarlıq fəaliyyəti üzrə minimum aylıq əməkhaqqının tikinti və ticarət sahələrində 50 faizi, digər sahələrdə 25 faizi miqdarında sığortaolunanlar üzrə məcburi dövlət sosial sığorta haqqı ödənilməlidir. Hazırda minimum aylıq əmək haqqı 250 manatdır.

Başqa sözlə, hazırda sahibkarlıq fəaliyyəti üzrə minimum aylıq əməkhaqqının tikinti və ticarət sahələrində 50 faizi, yəni 125 manat, digər sahələrdə 25 faizi miqdarında, yəni 61-62 manat sığortaolunanlar üzrə məcburi dövlət sosial sığorta haqqı ödənilməlidirr. Layihəyə əsasən, bu il aprelin 1-dən 2021-ci il yanvarın 1-dək sahibkarlıq fəaliyyəti üzrə minimum aylıq əməkhaqqının tikinti və ticarət sahəsində 50 faizi deyil, 25 faizi, digər sahələrdə isə 25 faizi deyil, 15 faizi miqdarının Bakı şəhərində 100 faizi, Sumqayıt və Gəncə şəhərində 90 faizi, digər şəhərlərdə 80 faizi, rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi vahidlərində və qəsəbələrdə 60 faizi, kənd yerlərində 50 faizi miqdarında məcburi dövlət sığorta haqqı ödəniləcək. 1 yanvar 2021-ci ildən 2026-cı il yanvarın 1-dək sahibkarlıq fəaliyyəti üzrə minimum aylıq əməkhaqqının tikinti sahəsində 50 faizi, digər sahələrdə 25 faizi miqdarının Bakı şəhərində 100 faizi, Sumqayıt və Gəncə şəhərində 90 faizi, digər şəhərlərdə 80 faizi, rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi vahidlərində və qəsəbələrdə 60 faizi, kənd yerlərində 50 faizi miqdarında məcburi dövlət sığorta haqqı ödəniləcək. Beləliklə, ərazidən asılı olaraq diferensial dərəcə tətbiq olunmaqla bərabər ticarət sahəsinə tikinti sahəsindən fərqli yanaşma tətbiq olunacaq.

Gələn il yanvarın 1-dən 2026-cı il yanvarın 1-dək sahibkarlıq fəaliyyəti üzrə tikinti sahəsində məcburi dövlət sığorta haqqı yenidən minimum aylıq əmək haqqının 50 faizi miqdarına qaldırılır, 2021-ci il yanvarın 1-dən 2026-cı ilə yanvarın 1-dək sahibkarlıq fəaliyyəti üzrə minimum aylıq əməkhaqqının tikinti sahəsində 50 faizi miqdarında sosial sığorta haqqının ödənilməsi yenidən bərpa edilir, ticarət sahəsində isə 50 faiz miqdarına qayıdılmayacaq, bu göstərici minimum aylıq əməkhaqqının 25 faizi miqdarında olacaq. 1 yanvar 2021-ci ildən 2026-cı il yanvarın 1-dək sahibkarlıq fəaliyyəti üzrə minimum aylıq əməkhaqqının tikinti sahəsində 50 faizi, digər sahələrdə 25 faizi miqdarının Bakı şəhərində 100 faizi, Sumqayıt və Gəncə şəhərində 90 faizi, digər şəhərlərdə 80 faizi, rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi vahidlərində və qəsəbələrdə 60 faizi, kənd yerlərində 50 faizi miqdarında məcburi dövlət sığorta haqqı ödəniləcək. Beləliklə, ərazidən asılı olaraq diferensial dərəcə tətbiq olunmaqla bərabər ticarət sahəsinə tikinti sahəsindən fərqli yanaşma tətbiq olunacaq.

Layihəyə əsasən, 1 yanvar 2021-ci ildən 2026-cı il yanvarın 1-dək toylarda, şənliklərdə və digər tədbirlərdə aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan fiziki şəxslər də minimum aylıq əməkhaqqının 25 faizi deyil, daha az məcburi dövlət sığorta haqqı ödəyəcəklər, kənd yerlərində yaşayan torpaq sahəsi olan insanlar üçün differensiallaşmış qaydada çox ciddi azalmalar olacaq. Başqa sözlə, aşağıdakı fiziki şəxslər üçün məcburi dövlət sığorta haqları bu qaydada müəyyən olunacaq:

- toylarda, şənliklərdə və digər tədbirlərdə aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyət - minimum aylıq əməkhaqqının 5 faizi miqdarında

- fərdi foto, audio-video xidmətləri (foto studiyalar istisna olmaqla) sahəsində - minimum aylıq əməkhaqqının 5 faizi miqdarında

- çəkməçi, pinəçi - minimum aylıq əməkhaqqının 3 faizi miqdarında

- saat, televizor, soyuducu və digər məişət cihazlarının təmiri - minimum aylıq əməkhaqqının 3 faizi miqdarında

- fərdi yaşayış evlərdə və mənzillərdə ev qulluqçusu, xəstələrə, qocalara və uşaqlara qulluq xidməti, dayə, fərdi sürücülük, ev təsərrüfatlarında təmizlik, bağdan, aşpaz, gözətçi və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslər (ofisiant) - minimum aylıq əməkhaqqının 3 faizi miqdarında;

- naqqaşlıq emalatxanalarının fəaliyyəti - minimum aylıq əməkhaqqının 3 faizi miqdarında;

- fərdi qaydada bərbər fəaliyyəti ilə məşğul olan şəxslər - minimum aylıq əməkhaqqının 3 faizi miqdarında;

- Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada “Fərqlənmə nişanı” alan avtomobil nəqliyyat vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən vergi ödəyiciləri - minimum aylıq əməkhaqqının 6 faizi miqdarında.

Mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslərin ailə üzvləri istisna ilə, qeyd olunan şəxslər üçün aylıq sosial sığorta haqqının məbləği aşağıdakı əmsallar tətbiq edilməklə müəyyən olunacaq:

- Bakı şəhərində (kənd və qəsəbələr daxil olmaqla) - 2

- Abşeron rayonunda, Sumqayıt və Gəncə şəhərlərində - 1,5

- Digər şəhər və rayonlarda -1

Eyni zamanda sadalanan fiziki şəxslər (Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada “Fərqlənmə nişanı” alan avtomobil nəqliyyat vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən vergi ödəyiciləri istisna ilə) tərəfindən məcburi dövlət sığorta haqqı “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sığorta haqqının ödənilməsi haqqında qəbz” alınarkən ödəniləcək. Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada “Fərqlənmə nişanı” alan avtomobil nəqliyyat vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən vergi ödəyiciləri isə “Fərqlənmə nişanı” alarkən məcburi dövlət sığorta haqqını ödəməli olacaqlar.

Qüvvədə olan qanuna görə, hazırda mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslərin (digər sahələrdə işləyib məcburi dövlət sosial sığorta haqqı ödəyənlər istisna olmaqla) və ailə kəndli təsərrüfatlarının əmək qabiliyyətli (I və II qrup əlillər, həmçinin sağlamlıq imkanları məhdud uşaqlar istisna olmaqla, 15 yaşından "Əmək pensiyaları haqqında” qanunla müəyyən edilmiş yaş həddinədək olan şəxslər) ailə üzvlərinin hər biri üçün (alınan əmlak və torpaq payı hesabına şəxsi yardımçı və digər təsərrüfatlar daxil olmaqla) minimum aylıq əməkhaqqının 6 faizi miqdarında məcburi dövlət sığorta haqqı ödənilirsə, layihəyə əsasən, 1 yanvar 2021-ci ildən 2026-cı il yanvarın 1-dək mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslərin (digər sahələrdə işləyib məcburi dövlət sığorta haqqı ödəyənlər istisna olmaqla) və ailə kəndi təsərrüfatlarında əmək qabiliyyətli (I və II dərəcə əlilliyi olan şəxslər, həmçinin sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar istisna olmaqla, 15 yaşından “Əmək pensiyaları haqqında” qanunla müəyyən edilmiş yaş həddinədək olan şəxslər ) ailə üzvlərinin hər biri üçün məcburi dövlət sığorta haqqı torpağın sahəsindən asılı olaraq, minimum aylıq əmək haqqının aşağıdakı dərəcələri üzrə hesablanacaq:

- 5 hektaradək olduqda - 2 faizi miqdarında

- 5 hektardan 10 hektaradək olduqda - 6 faizi miqdarında

- 10 hektardan yuxarı olduqda - 10 faizi miqdarında

Layihə müzakirələrdən sonra III oxunuşda səsə qoyularaq qəbul edilib.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Milli-Məclis  





Xəbər lenti