​İnzibati Xətalar Məcəlləsində daha bir dəyişiklik

  08 May 2020    Oxunub : 2119
​İnzibati Xətalar Məcəlləsində daha bir dəyişiklik
Kütləvi informasiya vasitələrində və reklam daşıyıcılarında dövlət dili normalarının pozulmasına görə 1 il şərti olaraq inzibati cərimə tətbiq ediləcək.
Azvision.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, “Kütləvi informasiya vasitələri haqqında”, “Televiziya və radio yayımı haqqında”, “Azərbaycan Respublikasında dövlət dili haqqında” və “İctimai televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsi və bu dəyişikliklərə müvafiq olaraq İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, İnzibati Xətalar Məcəlləsinin 116-cı maddəsinə (İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi) dəyişiklik olunması təklif edilir. Bu inzibati xətanı (kütləvi informasiya vasitələrində və reklam daşıyıcılarında dövlət dili normalarının pozulması) inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən 1 il ərzində təkrar törədilməsi halları istisna olmaqla, inzibati xətanı törətmiş şəxs barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxaracaq.

Qanun layihəsi III oxunuşda səsverməyə çıxarılaraq qəbul edilib.

Anar Kəlbiyev
Azvision.az

Teqlər: Milli-Məclis