“Cəmil Həsənli hansı ölkənin kəşfiyyatına işləyir?”

  08 May 2020    Oxunub : 2969
 “Cəmil Həsənli hansı ölkənin kəşfiyyatına işləyir?”
“Dünən Prezident İlham Əliyev koronavirusla əlaqədar çox ciddi məsələlər qaldırdı. Birinci vitse-prezident Mehriban Əliyeva da xalqa yenidən müraciət etdi”.
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

Komitə sədri bildirib ki, xaricdə oturan və daxildə Ermənistanın səfiri vəzifəsini yerinə yetirən qüvvələr Azərbaycana qarşı yeni qarayaxma kampaniyasına başlayıblar: “İndi də iddia edirlər ki, sms vasitəsilə icazə müxalifəti izləmək üçün tətbiq olunur. Bütün dünyada bu gün bu təcrübədən istifadə edirlər. Onlar aşağı səviyyədə olmaqla yanaşı, iddia edirlər ki, vətəndaşların hüquqları pozulur. Bu gün Milli Məclisə seçilməyən insanlar fərqli çıxışlar edirlər. Halbuki buraya seçiləndə tamamilə başqa şey danışırdılar. Məsələn, Gürcüstanda sms qaydasını pozanlar 1000 lari cərimə olunur. Amma bu şəxslər iddia edirlər ki, Gürcüstanda demokratiya çiçək açıb, hətta çiçəyi yığıb-yığışdırmaq mümkün deyil. Ona görə də təklif edirəm ki, xalqı çaşdırmağa xidmət edən, dövlət əleyhinə yönələn informasiyalara görə ciddi ölçü götürülsün. Cəmil Həsənli “Facebook” səhifəsində arxivlərin açılması ilə bağlı məsələ qaldırıb. 1992-ci il arxivlərinin açılması ilə bağlı məsələ qaldırılanda buna imkan vermədilər. İndi Cəmil Həsənli 1992-ci ilə, 1993-cü ilə toxunmur, 1994-cü ilin arxivlərinin açılması ilə bağlı məsələ qaldırır. Sual olunur ki, bu gün Cəmil Həsənli hansı ölkənin kəşfiyyatına işləyir? Onun “Facebook” profilində bu suala cavab tapmaq olar”.

Anar Kəlbiyev
Azvision.az

Teqlər: Milli-Məclis