Qəhrəman həkimlərimiz: “40 gündür övladlarımı görə bilmirəm”

      Qəhrəman həkimlərimiz:    “40 gündür övladlarımı görə bilmirəm”
  08 May 2020    Oxunub:7072
Son günlər koronavirusa yoluxmuş xəstələrin sayı çoxalıb və hamısı ağır vəziyyətdə gəlir.
Azvision.az xəbər verir ki, bunu pandemiya xəstəxanasında çalışan həkim Gülarə Abbasova deyib. Onun sözlərinə görə, hər an ağır vəziyyət yarana, xəstənin ürəyi, tənəffüsü dayana bilər.

"Biz buna hazır olmalıyıq ki, vaxt itirməyək. Çünki koronaviruslu xəstələr üçün hər bir dəqiqə önəmlidir".

Həkim Rağnur Məmmədov isə bildirib ki, onun çalışdığı xəstəxanada ağır vəziyyətdə olan xəstələr müalicə alır: "Biz onlara COVİD-19-la yanaşı, digər xəstəliklərin də müalicəsini edirik".

Xüsusi rejimli xəstəxanada işləyən həkim Xanım Babayeva artıq 40 gündür ki, iki azyaşlı övladını görə bilmir.

"Onlarla telefonla, "WhatsApp"la danışıram. Bir ana, bir qadın üçün çox çətindir. Övladlarım üçün çox darıxmışam".

Həkim Kəmalə Namazova da mart ayının 29-dan koronaviruslu xəstələrin müalicəsi ilə məşğul olur. "Burada növbə 15 gündən bir dəyişir. Amma missiyanı başa çatdırmayana kimi getməyəcəyəm. Bu geyimdə olmaq çətindir. Mən artıq 12 kiloqram çəki itirmişəm. Övladlarım həyətimizdəki güllərin şəklini çəkib göndərir, biz də onların həsrətini çəkirik".

Aytən Zəhra
Azvision.az


Teqlər: Koronavirus   Həkim   Xəstə  





Xəbər lenti