Bağlanan banklarda pulu olanların nəzərinə!

Bağlanan banklarda pulu olanların nəzərinə!
  08 May 2020    Oxunub:3526
Azərbaycan Mərkəzi Bankının aprelin 28-də lisenziyalarını ləğv etdiyi “Amrah Bank” və “Atabank” ASC-lərdə sığorta hadisəsi "Əmanətlərin sığortalanması haqqında” qanuna uyğun olaraq 28 aprel müəyyən edilib.
Azvision.az xəbər verir ki, bu barədə Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) açıqlamasında bildirilib.

Məlumatda qeyd edilib ki, Fondun Himayəçilik Şurasının qərarına əsasən qorunan əmanətlərin qaytarılması üçün agent-bank qismində “Kapital Bank” ASC seçilib. Kompensasiyalar nağdsız qaydada, agent-bankın adlı debet kartları və “Xəzri” sürətli pul köçürmə sistemi vasitəsilə ödəniləcək.

“Kapital Bank”ın filial şəbəkəsində əmanətçilərin sıxlığının yaranmaması, kompensasiyaların sistemli şəkildə ödənilməsi və vətəndaş məmnunluğunun təmin edilməsi üçün qorunan əmanətlər üzrə kompensasiyalar iki mərhələdə qaytarılacaq. Belə ki, iyunun 1-dən başlayaraq 30 min manat ekvivaləntinə qədər (30 min manat daxil olmaqla) olan əmanətlər üzrə, iyulun 1-dən başlayaraq isə 30 min manat ekvivalentindən çox olan əmanətlər üzrə kompensasiyaların verilməsi nəzərdə tutulub.

ADIF əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir. Əmanətlərin qaytarılması prosesi haqqında vətəndaşlara əlavə məlumat veriləcək.

Azvision.az


Teqlər: Bank   Əmanət  





Xəbər lenti