Diplomatik korpus nümayəndələri üçün brifinq keçirildi

  09 May 2020    Oxunub : 2201
Diplomatik korpus nümayəndələri üçün brifinq keçirildi
Pandemiya ilə əlaqədar Azərbaycanda məşğulluğa və sosial rifaha dəstək məqsədilə həyata keçirilən tədbirlərə dair beynəlxalq təşkilatların və səfirliklərin nümayəndələri üçün video-konfrans formatında brifinq keçirilib.
Azvision.az xəbər verir ki, BMT-nin Azərbaycandakı nümayəndəliyinin təşəbbüsü ilə təşkil olunan brifinqdə BMT-nin rezident əlaqələndiricisi Qulam İsakzai Azərbaycanda COVID-19 pandemiyasına qarşı fəal mübarizə aparılmaqla yanaşı, geniş miqyaslı sosial dəstək tədbirlərinin də həyata keçirildiyini qeyd edib. O, hazırkı brifinqin bu sahədə aparılan işlərlə bağlı məlumat və fikir mübadiləsinə imkan yaratdığını bildirib.

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Azərbaycanda koronavirus pandemiyasına qarşı məqsədyönlü tədbirlər görülməklə bərabər, məşğulluğa və sosial rifaha dəstək istiqamətində fəal siyasətin aparıldığını deyib.

Prezident İlham Əliyevin 19 mart 2020-ci il tarixli Sərəncamının icrası ilə bağlı təsdiqlənmiş Tədbirlər Planından bəhs edən nazir bu sənəd üzrə dəstək tədbirlərinə təqribən 3,5 milyard manat ayrıldığını qeyd edib. Planda əksini tapan 4 istiqamətdə 12 tədbir üzrə məşğulluğa və sosial rifaha dəstək işlərinin aparıldığını, bu sahə üzrə 600 milyon manat ayrıldığını deyib. O, təkcə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə reallaşdırılan sosial dəstək paketinin 4,8 milyondan çox vətəndaşı və ya əhalinin 48 faizini əhatə etdiyini bildirib.

S. Babayev dövlət və özəl sektorda muzdla çalışan 1 milyon 660 minədək işçinin iş yerləri və əməkhaqqı gəlirlərinin qorunduğunu qeyd edib. Müsbət hal kimi, ilin əvvəlindən 1 maya qədər əmək müqavilələrinin sayının 105 min artdığını diqqətə çatdırıb. Bildirib ki, 2 milyon vətəndaşa sosial təminat növləri üzrə ödənişlərin davamlılığı təmin edilib. İşsiz və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal işləyən şəxslərdən ibarət 600 min aztəminatlı şəxsə birdəfəlik ödəmə verilib.

Nazir məşğulluq imkanlarının artırılması üçün 90 minədək şəxsin ödənişli ictimai işlərə cəlb olunması işlərini diqqətə çatdırıb. Artıq 61 min şəxsin bu işlərə cəlb olunduğunu deyib.

Tənha yaşlılara evlərində sosial xidmətlərin göstərildiyini deyən S. Babayev həmçinin 82 min ailənin 342 minədək üzvünün ünvanlı dövlət sosial yardımı ilə təmin edildiyini qeyd edib. 20 minədək şəxsin işsizlikdən sığorta ödənişi, 100 minədək aztəminatlı ailənin ərzaq yardımı ilə təminatı işlərinin aparıldığını diqqətə çatdırıb.

Nazir həmçinin işsizlikdən sığorta ödənişinin müddəti bitmiş işsiz şəxslərə sığorta ödənişinin, peşə hazırlığı prosesində fasilə yaranmış kursların müdavimlərinə təqaüdün verilməsi müddətinin, əlillik müddəti bitmiş şəxslərə əlillik müddətinin, ünvanlı sosial yardımın təyin olunma müddəti bitmiş şəxslərə bu yardımın verilməsi müddətinin uzadıldığını bildirib. Brifinq zamanı iştirakçıların sualları da cavablandırılıb.

Azvision.az

Teqlər: Diplomat   BMT