“Azərbaycan gözlərimizin önündə hər gün dəyişir” - Spiker

  09 May 2020    Oxunub : 2972
 “Azərbaycan gözlərimizin önündə hər gün dəyişir” - Spiker
"Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu demokratikləşmə prosesi və siyasi islahatlar da dövlət başçısının rəhbərliyi ilə 2003-cü ildən yeni keyfiyyətdə davam etdirilir. Başqa sözlə, iqtisadi islahatlar mükəmməl siyasi islahatlarla tamamlanır".
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin Sədri Sahibə Qafarova "Azərbaycan" qəzetində dərc olunan məqaləsində bildirib.

Mili Məclisin Sədri deyib ki, həm konseptual, həm də struktur xarakteri daşıyan bu islahatlar dövlət idarəçiliyi sisteminin təkmilləşdirilməsi, optimallaşdırılması, səmərəliliyinin artırılması, qərarların icrası mexanizminin müasir tələblərə uyğunlaşdırılması və yeni keyfiyyət mərhələsinə yüksəldilməsi məqsədlərinə xidmət edir:

"Eyni zamanda Azərbaycanda demokratik təsisatların möhkəmləndirilməsi, siyasi plüralizmin və çoxpartiyalı demokratik siyasi sistemin inkişaf etdirilməsi, insan hüquq və azadlıqlarının təmin edilməsi, vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinə geniş imkanların yaradılması, dövlət və özəl qurumların fəaliyyətində şəffaflığın və hesabatlılığın təmin olunması, ictimai və sosial xidmətlər sahəsində institusional islahatların reallaşdırılması ilə yeni və ciddi keyfiyyət dəyişikliyinə nail olunması, həyata keçirilən kadr islahatları müasir mərhələdə Azərbaycanda praqmatik, düşünülmüş siyasi kursun reallaşdırılmasını təsdiq edir. Hazırda Azərbaycanda yeni siyasi konfiqurasiya formalaşmaqdadır və siyasi sistemin komponentləri arasında dialoq mühitinin genişləndirilməsi, münasibətlərin sağlamlaşdırılması istiqamətində əhəmiyyətli addımlar atılır".

Spiker qeyd edib ki, həyata keçirilən islahatlar Azərbaycan Respublikası Milli Məclisinin də qarşısında yeni vəzifələr qoyur:

"Azərbaycan parlamenti bundan sonra da ölkəmizin dayanıqlı inkişafının təmin edilməsinə yönələn strateji xəttin uğurla həyata keçirilməsinə öz töhfəsini verəcək və möhtərəm Prezidentimizin rəhbərliyi ilə reallaşdırılan sosial-iqtisadi inkişaf strategiyasını dəstəkləməkdə davam edəcəkdir. Bu gün ciddi əsaslara malik ictimai-siyasi sabitliyin hökm sürdüyü, demokratik, hüquqi, sivil, dünyəvi, iqtisadiyyatı inkişaf edən, əhalinin etibarlı sosial müdafiəsini təmin edən müstəqil Azərbaycan xarici siyasət sahəsində də fəal diplomatik əlaqələrə və geniş imkanlara malikdir. Dövlət başçısının rəhbərliyi ilə ölkəmiz dünya iqtisadi və siyasi birliyinə uğurla inteqrasiya etmiş, qlobal layihələrin mərkəzinə, dünyanın aparıcı dövlətlərinin, beynəlxalq təşkilatların hörmət və diqqətlə yanaşdığı nüfuzlu dövlətə çevrilib. Azərbaycan işğalçı Ermənistan istisna olmaqla, dünya birliyinə üzv olan bütün dövlətlərlə qarşılıqlı hörmət və etimada söykənən səmərəli münasibətlər qurub, beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq əlaqələri yaradıb. Azərbaycanın 155 ölkənin dəstəyini qazanaraq BMT Təhlükəsizlik Şurasının 2012-1013-cü illərdə qeyri-daimi üzvü seçilməsi bunun parlaq təzahürüdür. Ölkəmiz BMT-dən sonra dünyanın ən böyük ikinci təşkilatı olan Qoşulmama Hərəkatının da fəal üzvlərindən biridir və hazırda bu təşkilata uğurla sədrlik etməkdədir. Eyni zamanda digər mühüm beynəlxalq təşkilatlarla əməkdaşlıq Azərbaycana inteqrasiyanın dərinləşməsinə, ölkə reallıqlarını dünya ictimaiyyətinə obyektiv və dolğun çatdırmağa imkan verib. Azərbaycan gözlərimizin önündə hər gün dəyişir, inkişaf edir və gələcəyə doğru inamla, qətiyyətlə addımlayır. Əminik ki, möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz bundan sonra da müstəqil, dinamik, hərtərəfli inkişafını davam etdirəcək və Heydər Əliyevin əsəri olan müasir Azərbaycan dövləti daha da qüdrətli, zəngin və hərtərəfli inkişafa nail olacaqdır.

Azvision.az

Teqlər: Milli-Məclis   Spiker   Sahibə-Qafarova