Saakaşvili qalmaqalına nöqtə qoyuldu - Tbilisinin yekun mövqeyi

 Saakaşvili qalmaqalına nöqtə qoyuldu -  Tbilisinin yekun mövqeyi
  09 May 2020    Oxunub:5040
Gürcüstan eks-prezident Mixail Saakaşviliyə görə Ukrayna ilə diplomatik əlaqələrini kəsməyəcək, lakin onun sərgüzəştlərindən qorunmaq üçün taktika hazırlayacaq.
Azvision.az xəbər verir ki, bu barədə Gürcüstanın Baş Naziri Giorgi Qaxariya jurnalistlərə deyib.

"Biz strateji tərəfdaşlığımızı, ölkələrimizin və xalqlarımızın qardaşlığını ayrı-ayrı məsuliyyətsiz siyasətçilər üzündən şübhə altında qoymayacağıq. Səfiri geri çağırdıq, lakin bu, diplomatik münasibətləri və ya strateji tərəfdaşlığı sual altına alacağımızı ifadə etmir. Səfiri yalnız münasibətlərimizi avantüristlərdən necə qorumağımız mövzusunda məsləhətləşmələr üçün çağırdıq”, - deyə Baş Nazir əlavə edib.

Bununla yanaşı, Qaxariya Ukrayna hakimiyyətinin Saakaşvilini Gürcüstanın işlərinə qarışmaqdan necə çəkindirəcəyi ilə maraqlandığını deyib.

Xatırladaq ki, bir neçə gün əvvəl Ukrayna Prezidenti Vladimir Zelenski Saakaşvilini Milli İslahatlar Şurasının İcraiyyə Komitəsinin rəhbəri təyin edib. Buna cavab olaraq Gürcüstan öz səfirini məsləhətləşmələr üçün Kiyevdən geri çağırıb.

Gürcüstanın səfiri geri çağırmaq qərarından dərhal sonra Prezident Zelenski hər bir ölkənin kadr siyasətinin yalnız dövlətə və vətəndaşlara aid olduğunu və Saakaşvilinin Ukrayna vətəndaşı olduğunu bəyan edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Gürcüstan   Ukrayna   Saakaşvili  





Xəbər lenti