London İTV-sindən REPORTAJ

London İTV-sindən REPORTAJ
  08 Yanvar 2014    Oxunub:1436
Londonun İTV News televiziya kanalı Böyük Britaniyanın 3 telekanalı üçün xəbərlər hazırlayan böyük media şirkətidir. Kanalın tarixilə elə şirkət binasının foyesinde tanış olmaq mümkündür. Binanın girəcəyində, yəni, foyesində quraşdırılmış televiziya ekranları kanalın dünəni və bugünü ilə bağlı arxiv, yeni və ən əsası nadir kadrları, verilişləri nümayiş etdirir.

Buranı gözləmə zalı da hesab etmək olar - kanalın tarixinə səyahət etməklə darıxmadan gözləmək üçün münasib məkandır. Kənar şəxslərin kanalın daxilinə giriş xüsusi icazəylədir. Əsas girəcəkdə qaradədərili katib əvvəlcə gələnlərin qeydiyyatını aparır, sonra da printerdən xüsusi buraxılış vəsiqəsi təqdim edir.

Yeri gəlmişkən, Londonda katibə və ya müasir dildə desək, referent vəzifəsini bir çox hallarda məhz xanımların yox, məhz kişilərin təyin edilməsi London üçün adi haldır. Bundan nə işə götürən, nə də işə təyin olunan kişi cinsin nümayəndələri psixoloji əziyyət çəkir.

İTN-də Azərbaycan təmsilçisi varmı?

Bizi İTV kanalının baş redakoru Robin Elias qarşılayır və redaktor vəzifəsini bir neçə saatlıq bələdçiliyə dəyişir. O, kanalla tanışlığa bu sözlərlə başlayır: “İTV News – bir xəbər brendidir. 2002-ci ildən 2005-ci ilədək kanalın tam adı İTN News Channel olub. Əsas işimiz xəbərlər, reklamlar, sənədli filmlər və kommersiya xarakterli verilişlər istehsal etməkdir. Böyük Britaniyanın əsasən 3 televiziya kanalı İTV, Kanal 4 və Kanal 5 ilə əməkdaşlıq edirik. İndiyədək bir çox nüfuzlu mükafatlara layiq görülmüşük”.

Böyük və uzun bir iqamətgahı xatırladan şirkət binasının hər mərtəbəsində hər kanal üçün ayrıca komanda işləyir. Üst mərtəbədə İTV-nin Xəbər Departamenti yerləşir. Xəbər buraxılışlarına yerli və bölgə, eləcə də dünya xəbərləri daxildir. Yeri gəlmişkən, dünyanın demək olar ki, hər nöqtəsində kanalın xüsusi müxbiri çalışır. Rio de Janeyro, Vaşinqton, Pekin, Dubay, Brüssel.... və bir çox ölkələrdə kanalın təmsilçisi var. Azərbaycanın da bu siyahıda olub-olmadığını soruşduqda Robin Elias “Hələ ki, yoxdur. Amma bu, gələcəkdə də olmayacaq anlamına gəlmir” cavabını verir.

Binanın aşağı mərtəbəsində yerləşən arxiv materialları mütəmadi xəbər hazırlığında istifadə edirlər. Əməkdaşlar bu məkana öz aralarında “zirzəmi” də deyirlər.

İngilislərin maliyyə çözümü

Gün ərzində 8 milyonluq seyrçi auditoruyasına sahib olan bu kanalda eksklüzivlik anlayışı da qorunur. Baş redaktor belə deyir: “Digər kanalların material sifarişini hazırlamaqla bahəm konkret İTN-ə məxsus nadir çəkilişlər var ki, bu da televiziyalar arasında rəqabət məsələsinə təsir göstərir. Biz əməkdaşlıq etdiyimiz kanallara xəbərləri satırıq, qarşı tərəf artıq özü qərar verir hansı xəbərdən bəhrələnəcək, hansından yox. Amma elə çəkilişlər var ki, onları heç bir məbləğə satılmır, özəl olaraq yalnız İTN kanalında yayınlanır. Bizə müraciət etmək maddi tərəfdən də sərf edir. O baxımdan ki, hadisə yerinə maşın, operator, müxbir, prodüser göndərmək kanal üçün artıq xərc deməkdir. Sifariş həm zaman, həm də maliyyə tərəfdən daha az məsrəfli olduğu üçün bir çox kanal rəhbərliyi bir istehsalçıdan istifadəni üstün tutur. Ancaq bu halda müxbir istisna olmaqla reportajda eyni kadrlar görünəcək. Fərqli və özəl çəkiliş istəyən kanal artıq öz əməkdaşının xidmətlərindən istifadə etməlidir”.

Yayım 3 fərqli studiyadan və fərqli aparıcı siması ilə olur. Sifarişçi tərəfin aparıcı istədiyi aparıcını təqdim etmək ixtiyarı da var.

Eyni saatda yayımlanan xəbərlər buraxılışını aparıcı kanalın adını çəkməklə fərqləndirir. Məsələn, “İTN efirdədir”, “Kanal 5 efirdədir” deməklə. Yəni, hər kanal üçün xüsusi xəbər buraxılışı yayımlanır.

On barmağında on fərasət olan tv əməkdaşları

Robin Elias kanalda hər barədə peşəkar komanda işlədiyini qururla vurğulayır: ”İTN jurnalistlərinin demək olar ki, hamısı həm redaktə, həm də montaj etməyi, həm də operatorluğu bacarır. Hətta bəzən olur ki, videonu jurnalist də çəkməli olur. Bir çox ölkələrdən, o cümlədən Azərbaycan telekanallarından da fərqli olaraq bu kanalda bütün çəkilişlərə müxbir və operatorla yanaşı prodüser də gedir. Xəbərlərin hazırlanma müddəti adətən 20 dəqiqə çəkir”.

İTN-də ən yüksək maaşı kimlər alır?

İTN kanalının maliyyəsi əsasən İTV tərəfindən ödənilir. Ən çox maaşı isə aparıcılar alır. Çünki, rəhbərliyə görə, yayım zamanı ən ağır iş və məsuliyyət aparıcıların üzərinə düşür: aparıcının nəzər və eşitmə diqqəti eyni anda həm müxtəlif təlimatlar, suallar və ya digər işarələr verən prodüserdə, həm hadisələrdə, həm də tamaşaçılarda olmalıdır. Bütün bu prosesi canlı yayımda, eyni anda beyində “filtrləyib” seyrçilərə ötürmək göründüyü qədər asan iş deyil. Bu çətin bacarığın müqabilində də rəhbərlik aparıcıların işlərini yüksək məbləğdə maaş ödəməklə dəyərləndirir. Yeri gəlmişkən, şirkətdə əlavə mükafat anlayışı da yoxdur. Çünki, maaş o qədər yüksəkdir ki, əlavə haqq istəməyə ehtiyac qalmır. Bunu da baş redaktor deyir.

Yayım zamanı xüsusi tədbirlər

Xəbər buraxılışları zaman həssas məqamlara da xüsusi diqqət edilir. Məsələn, bəzi görüntülər öncəsi ekranda görünən “warning: flashing images” cümləsi, psixoloji zəifliyi olan və ya qorxudan epileptik tutmalar yaranma ehtimalı olan insanlara bir növ xəbərdarlıqdır. Yeri gəlmişkən, bu məqam İngiltərə qanunvericiliyində də göstərilib. Baxmayaraq ki, bir çox tv əməkdaşlarının özünün belə bəyənmədikləri şeydir. Amma etməyə məcburdurlar.

Senzura: qorxu, yoxsa hörmət?

Robin Elias, İTN-in sözün həqiqi mənasında müstəqil bir televiziya kanalı olduğunu deyir: “Hansı materialın yayımlanıb-yayımlanmayacağına baş redaktor olaraq mən qərar verirəm. Eləcə də tənqid məsələsində də ixtiyar sahibiyik. Yeganə təndiq etmədiyimiz şahzadə ailəsidir. Ona görə yox ki, qadağandır və ya qorxuruq. Xeyr, biz sadəcə olaraq ölkə başçısı kimi şahzadə ailəsinə hörmətlə yanaşırıq.

İngiltərədə hər kəs telekanal aça bilərmi?

Böyük Britaniyada hər kəs televiziya kanalı aça bilməz. Bunun üçün konkret standartlar, keyfiyyətlər, tələblər olmalıdır. “Public service”, yəni, ictimailyyətə qulluq edən kanal açmaq üçün müvafiq kriteriyalara uyğunluq lazımdır. Digər tərəfdən kanalların sayında da məhdudiyyət var. Lisenziya verən qurum bunu rəsmi olaraq rəqəmlərlə göstərməsə də, təcrübədə, ictimaiyyətə qulluq edən kanal sayının kifayətliliyi qənaətinə gələ bilir.




Sevda Babayeva / London
AzVision.az üçün

Qalereya




Teqlər:  





Xəbər lenti