YAP-ın tanınmış simalarının Heydər Əliyevlə bağlı xatirələri

  10 May 2020    Oxunub : 3783
YAP-ın tanınmış simalarının Heydər Əliyevlə bağlı xatirələri
Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 97-ci ildönümüdür.

Vaxtilə Ulu Öndərlə çalışmış siyasətçilər onunla bağlı xatirələrini Azvision.az -la bölüşüblər.
Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov bildirib ki, Ulu Öndərin dövründə yaşadığına və uzun müddət onun rəhbərliyi altında işlədiyinə görə özünü xoşbəxt sayır:

“90-cı ildən 2003-cü ilə qədər mən Ümummilli Liderin yanında fəaliyyət göstərmişəm. Onun tapşırıqları, tövsiyələri, nəsihətləri həddindən artıq böyük idi. Ulu Öndərin hər bir iclası bir məktəb idi. Bunları bir-birindən ayırmaq olmaz. Adətən həftənin bazar günləri də Ulu Öndər işə çıxırdı. Hər gün işləyirdi. Bazar günü Yeni Azərbaycan Partiyasının rəhbərliyini iclasa dəvət edirdi. Elə olurdu ki, 4-6 saat müddətində iclaslarımızda ölkənin taleyüklü məsələləri, gələcəkdə atılacaq addımlar müzakirə olunurdu. Yaxud da xarici səfərlərə gedəndə, həmişə partiyanı yığırdı ki, mən gedirəm, siz burdasınız. İnsanların məsuliyyətini artırmaq üçün bunu edirdi ki, mən burada yoxamsa, hərə dağılışıb bir tərəfə getməsin. Tapşırıq verirdi ki, mən gələnə qədər bu addımlar atılmalıdır, işlər görülməlidir".



S.Novruzov qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev hər bir şeyi zərgər dəqiqliyi ilə bilən siyasətçi olmaqla yanaşı, həm də yaxşı tərbiyəçi idi: "Bir səhv olanda, onu elə tərbiyə metodu ilə, elə misallar çəkməklə deyirdi ki, həmin adama hansısa səhvi etdiyini deməyə ehtiyac qalmırdı. Artıq o insan özü başa düşürdü ki, hansı səhvi edib. Diqqətə çatdırırdı ki, bu məsələdən məlumatım var və gələcəkdə fəaliyyətini düzgün qur".

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova isə hesab edir ki, Ulu Öndər Heydər Əliyevlə bağlı xatirələri olan insanlar onun kimi xoşbəxtdirlər:

"Mənim Ulu Öndər Heydər Əliyevlə bağlı xatirələrim çoxdur. Bunlar həm uşaqlıq, həm gənclik, həm də yetkinlik dövrünün xatirələridir. İlk dəfə məktəbli olarkən Heydər Əliyevlə bir tədbirdə görüşmüşəm. Bu görüş xatirəmdə silinməz izlər buraxıb. Mən uşaqlıqdan, gənclik dövrlərimdən Heydər Əliyevi özümə ideal kimi seçmişəm. Sonra tale elə gətirdi ki. Sovet İttifaqı dağıldı və Azərbaycan müstəqillik yoluna qədəm qoydu. Bu ağrılı, acılı illərdə Azərbaycan xalqını düşdüyü çətin durumlardan çıxardığı zaman atılan addımlardan biri də məhz Yeni Azərbaycan Partiyasının yaradılması təşəbbüsünə dəstək verməsi oldu.



Sonra bu sıraya qoşulan yüz minlərdən biri də mən oldum. Tale elə gətirdi ki, partiyanın üzvü olan gənc xanımlardan ilk vəzifəyə təyinat alanlardan biri də mən oldum. Həm uşaqlıq zamanı görüşlərimdə, həm vəzifəyə təyinat aldığım zamanlarda, daha sonra partiyanın rəhbərliyində təmsil olunduğum üçün ən müxtəlif ictimai-siyasi tədbirlərdə, müzakirələrdə onunla olarkən izlədiyim məqamlar beynimə həkk olunub və onları heç bir zaman unuda bilmərəm. Ulu Öndər Heydər Əliyev kimi dahi şəxsiyyətlə ünsiyyətdə, eyni siyasi düşərgədə olmaq, onun tapşırıqlarını almaq, yerinə yetirmək, hərdən onun təqdirini almaq, öz dilindən gözəl sözlər eşitmək hesab edirəm ki, ən böyük xoşbəxtlik və mənim üçün şəxsən şərəf və məsuliyyət deməkdir”.

Kənan Məmmədov
Azvision.az

Teqlər: HeydərƏliyev   Xatirə