Ulu Öndərin doğum günü ilə bağlı virtual konsert proqramı hazırlandı

  10 May 2020    Oxunub : 3210
 Ulu Öndərin doğum günü ilə bağlı virtual konsert proqramı hazırlandı
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü münasibətilə virtual konsert proqramı hazırlanıb.
Azvision.az xəbər verir ki, ölkə ərazisində koronavirus (COVID-19) pandemiyası ilə bağlı xüsusi karantin rejimi tətbiq olunduğundan layihə Heydər Əliyev Mərkəzində tamaşaçısız zalda həyata keçirilib.

Layihə dizayn və texniki həll baxımından maraqlı cəhəti ilə fərqlənir. Belə ki, Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Azərbaycan Dövlət Xor Kapellası üzvlərinin çıxışları hər biri ayrılıqda çəkilib, Heydər Əliyev Mərkəzinin Auditorium zalındakı solo çıxışlarla sinxronlaşdırılıb.

Konsertdə Azərbaycanın Xalq artistləri - Fərhad Bədəlbəyli, Murad Adıgözəlzadə, Samir Cəfərov, Alim Qasımov, Ənvər Sadıxov, Əməkdar artistlər - Sevda Ələkbərzadə, Fərqanə Qasımova, Sahib Paşazadə, Şəhriyar İmanov, tanınmış opera müğənnisi Azər Zadə, skripka ifaçısı Ceyla Seyidova, “Natiq” Ritm Qrupu və digərləri iştirak edir. Eləcə də xarici ölkələrdə yaşayan bir sıra azərbaycanlı incəsənət ustaları – Xalq artistləri Əlixan Səmədov, Elçin Əzizov və Dinarə Əliyeva, mahir pianoçu Etibar Əsədli də konsert proqramına virtual olaraq qoşulub.

Əməkdar artist Fuad İbrahimovin dirijorluğu ilə keçən konsertdə Azərbaycan və dünya bəstəkarlarının əsərləri təqdim olunacaq.

Azvision.az

Teqlər: Heydər-Əliyev   Konsert