Qətərin nüfuzlu qəzeti Heydər Əliyev haqqında yazdı

Qətərin nüfuzlu qəzeti Heydər Əliyev haqqında yazdı
  11 May 2020    Oxunub:3865
Qətərin nüfuzlu ingilis dilli “The Peninsula” qəzetində ulu öndər Heydər Əliyevə həsr olunmuş geniş məqalə dərc edilib.
Ölkəmizin Qətərdəki səfirliyindən Azvision.az -a verilən məlumata görə, məqalədə Azərbaycan xalqının mayın 10-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünü qeyd etdiyi bildirilərək, onun ömrünü bütünlüklə öz ölkəsinin və xalqının inkişafına, firavanlığına həsr etmiş böyük tarixi lider olduğu diqqətə çatdırılıb.

Yazıda Heydər Əliyevin həyat və siyasi fəaliyyətinə geniş yer verilib. Onun 1923-cü ilin 10 may tarixində Azərbaycanın Naxçıvan şəhərində doğulduğu bildirilərək, 1969-cu ildə Azərbaycanın rəhbəri təyin olunduğu, 1982-ci ildə isə Sovet İttifaqının rəhbər vəzifələrindən birinə - SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin edildiyi nəzərə çatdırılıb.

Həmçinin Azərbaycanın müstəqilliyinin ilk illərində üzləşdiyi çətinliklərə və erməni işğalına toxunularaq, həmin illərdə ölkənin vətəndaş müharibəsi və müstəqilliyini itirmək təhlükəsi ilə üzləşdiyi bir vaxtda xalqın Heydəri Əliyevdən yenidən hakimiyyətə gəlməyi tələb etdiyi xatırlanıb, Ulu Öndərin iki dəfə ölkə Prezidenti seçildiyi diqqətə çatdırılıb. Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin qorunması istiqamətində gördüyü işlərdən də ətraflı danışılıb.

Yazıda Azərbaycanın ümummilli lideri Heydər Əliyevin uzaqgörən daxili və xarici siyasəti və aktiv fəaliyyəti sayəsində ölkənin Şərq ilə Qərb arasında etibarlı körpü rolunu oynadığı və dünyanın ən dinamik iqtisadiyyatına sahib dövlətlərdən birinə çevrildiyi vurğulanıb.

Azvision.az


Teqlər: Qətər   Ulu-Öndər   Heydər-Əliyev  





Xəbər lenti