Azərbaycan xaricə maska və kombinezonlar ixrac edəcək

 Azərbaycan xaricə maska və kombinezonlar ixrac edəcək
  12 May 2020    Oxunub:5486
Azərbaycan istehsalı olan tibbi maskalar və qoruyucu kombinezonların ixracı nəzərdə tutulur.
Azvision.az xəbər verir ki, bu barədə “Gilan Tekstil Park” Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru Mehriban Axundova mayın 12-də Sumqayıtda MMC-nin tibbi maska fabrikinin və tikiş fabrikinin nəzdində fəaliyyət göstərən qoruyucu kombinezonların istehsalı müəssisəsinin açılışında deyib.

“Gilan Tekstil Park” MMC-də birdəfəlik istifadə üçün qoruyucu kombinezonların istehsalına başlanılıb. Məhsullar polietilen qoruyucu membranla örtülüb, yüksək sıxlıqlı polipropilendən olan toxunmamış parçadan tikilir. Bu isə öz növbəsində məhsulun keyfiyyətini artırır. Belə ki, bu parça möhkəmliyi, sukeçirməzliyi, kimyəvi maddələrə davamlılığı, yüngüllüyü ilə fərqlənir. İstehsal olunan qoruyucu kombinezonlar istifadəçiləri virus, infeksiya, zərərli kimyəvi maddələrdən və ya həssaslıq yarada bilən məhsul və proseslərdən qoruyur. Məhsulun uyğunluğu müvafiq standartlar üzrə sertifikatlaşdırılıb. Burada gün ərzində 6 min ədəd qoruyucu kombinezonun istehsalı nəzərdə tutulur. Müəssisənin istifadəyə verilməsi yeni iş yerlərinin açılması baxımından da böyük əhəmiyyət daşıyır. Belə ki, buradakı istehsalat prosesinə 210 işçi cəlb olunub. Yerli tələbat ödənildikdən sonra həm tibbi maskaların, həm də qoruyucu kombinezonların ixracı da nəzərdə tutulur. Beləliklə, bu cür müəssisələrin fəaliyyətə başlaması Azərbaycanın ixrac potensialının artırılmasına xidmət etməklə bərabər, qeyri-neft sektorunun inkişafı baxımından da böyük rol oynayır”, - deyə o bildirib.

Azvision.az


Teqlər: Maska   İxrac   Müəssisə  





Xəbər lenti