FHN-dən “Eurohome”dakı yanğınla bağlı ittihamlar

FHN-dən “Eurohome”dakı yanğınla bağlı ittihamlar
  12 May 2020    Oxunub:3651
Obyektin özünün yanğına qarşı su təchizatının yox dərəcəsində olmasına baxmayaraq, “Eurohome” tikinti materialları bazarında yanğının söndürülməsi zamanı su problemi olmayıb.
Azvision.az xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafızə Xidmətinin rəisi Füzuli Əsədov deyib.

Onun sözlərinə görə, görülən tədbirlər nəticəsində yanğın yerinə suyun fasiləsiz verilməsi təmin edilib.

“Bu və ya digər obyektlərin əksəriyyətində yanğına qarşı su təhcizatı yoxdur, ya da çox aşağı səviyyədədir. “Eurohome”da dekabr ayında baş verən yanğın zamanı da eyni problemlərlə qarşılamışdıq. Ümumiyyətlə, obyektin tikintisində ciddi nöqsanlar var. Obyektin konstruktiv materialları yanan materiallardır. Ötən ilki yanğın hadisəsindən sonra ciddi tədbirlər görülməyib. Bizim Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları dekabr ayında baş verən yanğından əvvəl və sonra bir neçə dəfə texniki müayinələr keçirib, çatışmazlıqlarla bağlı obyekt rəhbərliyinə şifahi, yazılı məlumatlar təqdim edilib, xəbərdarlıq olunub və nöqsanların aradan qaldırılması üçün vaxt verilib. Lakin dünənki yanğın hadisəsi həmin obyektdə nöqsanların aradan qaldırılmamasının sübutudur və bu da yanğınla nəticələndi. Nazirliyin istintaq idarəsinin əməkdaşları hadisə yerində işləyir və tezliklə dəymiş ziyan müəyyən ediləcək”.

F.Əsədov, həmçinin bildirib ki, yanğın təhlıükəsizliyi qaydalarının pozulması təkcə “Eurohome”da deyil, ticarət obyektlərinin əksəriyyətinə xas olan xüsusiyyətdir.

"Ötən il yanğınlara çıxış zamanı 24 dəfə yüksək saylı çağırış etmişik. Bunlardan 16-ı ticarət obyektlərinə olub. Bu, bir daha orada nöqsanların olması ilə bağlıdır. Dövlət Yanğın Nəzarəti Xidməti və Fövqəladə Hallar Nazirliyi tərəfindən aidiyyatı dövlət orqanlarına kifayət qədər müaraciət olunub”.

Qeyd edək ki, ötən gün “EuroHome” tikinti materialları bazarında güclü yanğın olub.

Aytən Zəhra
Azvision.az


Teqlər: FHN   Yanğın  





Xəbər lenti