Deputat Kürdəmirdəki hadisəyə münasibət bildirdi

  12 May 2020    Oxunub : 3382
 Deputat Kürdəmirdəki hadisəyə münasibət bildirdi
Qadınlara qarşı zorakılığa bir vətəndaş, hüquqşünas və qadın olaraq "yox" deyirəm. Qadınlara qarşı zorakılıq dünya miqyaslı bir bəladır. O nə coğrafi sərhədlər, nə də yaş hədləri tanıyır və heç bir etnik və ya dini qrup bu bəladan sığortalanmayıb.
Azvision.az xəbər verir ki, bunu Kürdəmirin deputatı Əminə Ağazadə deyib.

Deputat bildirib ki, qadınlara və qızlara qarşı zorakılıq insanlığın ən utancverici insan haqları pozuntusu halıdır:

"Fiziki, mənəvi, psixoloji zorakılıq şəklində təzahür edən məişət zorakılığı qadınlar, uşaqlar, ailələr və bütövlükdə cəmiyyət üçün ağır mənəvi, sosial və iqtisadi problemə çevrilir. Aldığım məlumata görə, Kürdəmir rayonunun Sığırlı kəndində dəhşətli hadisə baş verib. Kənd sakini Ramo Mövlayev qısqanclıq zəminində qardaşı arvadı Könül İbrahim qızı Mövlayevaya atəş açaraq güllələyib. Qadın Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Hadisəni törədən R. Mövlayev polis tərəfindən saxlanılıb. Məlumata görə, K.Mövlayeva 2 aylıq hamilə olub".

Deputat qeyd edib ki, Azərbaycan dövləti dünyanın sivil dövlətləri ilə birlikdə bu sosial bəlanın aradan qaldırılması istiqamətində ən mütərəqqi addımlar atıb.

"2006-cı ildə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılıb. 2006-cı ildə "Gender bərabərliyinin təmin edilməsi haqqında", "Ailə-məişət zorakılığının qarşısının alınması haqqında" qanun qəbul edilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 22 iyun 2010-cu ildə "Məişət zorakılığının qarşısının alınması haqqında" qanun imzalayıb. Qanunda deyilir: "Bu Qanunun və məişət zorakılığı ilə bağlı digər qanunvericilik aktlarının tələblərini pozan şəxslər Azərbaycan qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar". Ümid edirəm ki, hüquq-mühafizə orqanları hadisəyə lazimi hüquqi qiymətin verilməsində səylərini əsirgəməyəcəklər",- deyə Ə.Ağazadə vurğulayıb .

Anar Kəlbiyev
Azvision.az

Teqlər: Deputat   Kürdəmir