“Koronavirusun varlığını inkar edənlər daha təhlükəlidir” - Professor

   “Koronavirusun varlığını inkar edənlər daha təhlükəlidir” -   Professor
  13 May 2020    Oxunub:3804
“Hər zaman pandemiya onu yaşayan cəmiyyət və hər bir üzvü üçün stressdir. Belə gərgin durum istər-istəməz insanların psixologiyasına təsir edir”.
Azvision.az xəbər verir ki, bunu Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli deyib.

Rektor bildirib ki, insanların psixoloji durumu tam fərqli olduğuna görə, onların bu cür situasiyalara reaksiyası da müxtəlif olur:

“Belə dövrlərdə insanlar əsasən iki psixoloji qrupa bölünür: virusdan qorxanlar və onun varlığını inkar edənlər. Həddindən artıq həssas, tez həyəcanlanmağa meylli insanlar qorxuya düşürlər. Həkim kimi deyə bilərəm ki, bu qrupa aid insanlarda belə dövrdə həddən artıq narahatlıq yaranır, həyəcanlanmaları kəskinləşir. Bu hal xüsusilə də müxtəlif xəstəliklərdən qorxan insanlarda müşahidə edilir. Digər psixoloji qrupa aid insanlar isə pandemiyaya əks reaksiya verənlərdir. Yəni, onlar düşünürlər ki, belə bir virus yoxdur, bunların hamısı boş söhbətlərdir, bu, adi soyuqdəymədir. Sanki həmin insanlar reallığı inkar edir. Bütün dünya bu barədə danışsa da, yalnız onlar reallığı qəbul etmirlər. İstər birinci, istərsə də ikinci psixoloji hal insanın davranışına təsir edir".

G.Gəraybəyli qeyd edib ki, virusun, xəstəliyin varlığını inkar edənlər bu gün üçün daha təhlükəlidir:

"Çünki həddindən artıq qorxan adam ancaq özünə əzab verir, ancaq özü bundan əziyyət çəkir, özünü qorusa da, stress keçirir, bu, onda yuxu pozuntusu, iştahsızlıq kimi hallara gətirib çıxarır. Bu vəziyyət artıq çoxaldıqda ailə üzvləri onu psixiatr müayinəsinə aparır. İkinci qrupa aid olanlar isə xəstəliyə inanmadıqları üçün təhlükəsizlik qaydalarına da riayət etmirlər - sosial məsafəni qorumur, maska taxmırlar və digər tövsüyələrə riayət etmirlər. Nəticədə yalnız özləri üçün yox, həm də yaxınları, ailə üzvləri, ətrafdakıların hamısına risk yaratmış olurlar. Təəssüf ki, istər ölkə rəhbərliyi, istər səhiyyə orqanlarının dəfələrlə müraciətinə baxmayaraq, insanlar hələ də buna yüngül bir hal kimi yanaşırlar. Əslində, indi koronavirus hər kəsin psixologiyasında dominantlıq təşkil edir".

Azvision.az


Teqlər: ATU   Rektor  





Xəbər lenti