“Korrupsiyaya qarşı mübarizədə dövlətin strateji hədəfi var” - Nurlan Həsənov

“Korrupsiyaya qarşı mübarizədə dövlətin strateji hədəfi var” -  Nurlan Həsənov
  13 May 2020    Oxunub:8768
"Bu gün ölkəmizdə korrupsiyaya qarşı mübarizə, bəlkə də heç zaman olmadığı qədər qətiyyətli şəkildə aparılır. Korrupsiyaya qarşı mübarizədə yeni dinamikanı hər kəs görür, bəzi yaramaz məmurlar isə hətta bunu hiss edir. Korrupsiyanın neqativ təsirləri saymaqla bitməz, faydalı tərəfi isə yoxdur".
Bunu Azvision.az -a açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, deputat Nurlan Həsənov deyib.

Onun sözlərinə görə, ilk icra başçısı həbs olunduğu zaman hər kəsə xəbərdarlıq olundu, bu kimi əməllərdən əl çəkməli olduqları açıq şəkildə bildirildi:

"Lakin nə baş verir? Son həbslər onu göstərir ki, demək, bəziləri üçün bu xəbərdarlıq hələki kifayət qədər ciddi qəbul edilməyib, öz yaramaz əməllərini davam etdiriblər. Dərk edilməlidir ki, korrupsiyaya yol verən, kasıb adamların maaşını mənimsəyən, ictimai işlərə cəlb edilən vətəndaşların ödəniş kartlarını götürüb ondan pul çəkən, hər hansı maxinasiya ilə dövlət vəsaitini mənimsəməyə cəhd edən, bununla da vətəndaşları dövlətdən narazı salan məmur məsuliyyətə cəlb ediləcək. Korrupsiyaya qarşı mübarizədə dövlətin siyasi iradəsi, strateji hədəfi var və əminəm ki, Azərbaycanda korrupsiyaya qarşı mübarizədə kifayət qədər geniş hüquqi baza və Azərbaycan hüquq-mühafizə orqanlarının bu hədəfə çatmaq üçün kifayət qədər gücü var. Son baş verənlər, korrupsioner icra başçılarının, Mədəniyyət Nazirliyində yüksək vəzifəli şəxslərin vəzifə başında həbs olunması, son olaraq Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluq tərəfindən həyata keçirilmiş birgə əməliyyat-istintaq tədbirləri nəticəsində Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin vəzifəli şəxslərinin saxlanılması buna sübutdur. Əgər hər hansı bir korrupsioner məmur bunları görür və hələ də korrupsiya ilə məşğul olmaqda davam edə biləcəyini düşünürsə, əmin olsun ki, yanılır. Baş verənlər onu göstərir ki, gələcəkdə korrupsiyanın qarşısının alınmasında preventiv tədbirlərin daha da gücləndirilməsinə ehtiyac var".

Deputat qeyd edib ki, xüsusilə yerlərdə korrupsiyanın qarşısının alınmasında müasir metodlardan, "ASAN xidmət" təcrübəsindən və beynəlxalq təcrübədən faydalanmaq olar.

"Korrupsiya yaranmadan onun qarşısını almağa çalışmalıyıq, "ASAN xidmət" təcrübəsində olduğu kimi. Mən Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyanın katibliyində çalışarkən, korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq təcrübənin araşdırılması ilə məşğul olmuşam. Deyə bilərəm ki, yerli idarəçilikdə korrupsiya hallarına gətirib çıxara biləcək halların öncədən müəyyənləşdirilməsi və buna səbəb olan risklərin aradan qaldırılmasını təmin edən ən müasir idarəçilik sistemləri (Compliance-Management-System) tətbiq edilə bilər. Yerli qurumlarda korrupsiya risklərini təhlil etməliyik və elə mexanizmlər qurulmalıdır ki, korrupsiya riski təşkil edən sahələr konkretləşdirilsin və korrupsiyaya qarşı mübarizədə effektiv sayılan metodlar, yanaşmalar tətbiq edilsin. Məsələn, Almaniyada ən çox tətbiq edilən - qərar verən, icra edən və nəzarət edənlərin fərqli subyektlər olmasıdır “çox gözlülük prinsipi” (Mehr Augen Prinzip)".

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Nurlan-Həsənov   Deputat  





Xəbər lenti