“Ermənistan həmsədrlərin fəaliyyətinə zərbə vurur” - Hikmət Hacıyev

“Ermənistan həmsədrlərin fəaliyyətinə zərbə vurur” -  Hikmət Hacıyev
  14 May 2020    Oxunub:4136
Ermənistan öz aqressiv ritorikası ilə ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə fəaliyyətinə zərbə vurur.
Azvision.az xəbər verir ki, bu fikri Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “EurActiv” portalına müsahibəsində bildirib.

Danışıqlarda irəliləyiş üçün Yerevanın konstruktiv fəaliyyətinin olmamasından təəssüfləndiyini bildirən Hikmət Hacıyev deyib ki, Ermənistan danışıqlar prosesindən geri çəkilir.

Prezidentin köməkçisi vurğulayıb ki, münaqişənin yeganə həlli yolu Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi, Ermənistan qoşunlarının həmin ərazilərdən çıxarılması və məcburi köçkünlərin doğma yurdlarına qaytarılmasından başlayaraq mərhələli nizamlanmadır. O qeyd edib ki, Dağlıq Qarabağda keçirilmiş qondarma “seçkilər” bir daha göstərdi ki, Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qanunsuz rejim cinayətkar birləşmədən, Ermənistanın siyasi rəhbərliyinin mafioz klanının tərkib hissəsindən başqa bir şey deyil. İşğal olunmuş Dağlıq Qarabağda gümüş mədənlərinin istismarı və qiymətli metalların qanunsuz ixracı artıq ənənəyə çevrilib. Bu sahədən qazanılan gəlir Ermənistanın siyasi rəhbərliyinin gizli fəaliyyətinin maliyyələşdirilməsi üçün istifadə olunur.

Prezidentin köməkçisi müsahibəsində Azərbaycanda koronavirusla mübarizə istiqamətində görülən işlərdən də danışıb. O, Azərbaycan hökumətinin gördüyü qabaqlayıcı tədbirlərin səmərəli nəticələr verdiyini diqqətə çatdırıb. Vurğulayıb ki, ölkədə epidemioloji vəziyyət nəzarət altındadır. Azərbaycanda testlərin aparılması üçün 24 laboratoriya fəaliyyət göstərir və gündəlik 7 minə yaxın test icra olunur. Səhiyyə sisteminin hazırlığının gücləndirilməsi üçün tədbirlər görülüb, xəstəxana çarpayılarının sayı artırılıb, tibbi heyət təlimə cəlb olunub.

COVID-19-un yaratdığı sosial-iqtisadi çətinliklərlə bağlı sualı cavablandıran Prezidentin köməkçisi zərərlərin qarşısının alınması üçün sosial-iqtisadi paket həyata keçirildiyini və bu məqsədlə 3 milyard manatdan çox vəsait ayrıldığını vurğulayıb. Hikmət Hacıyev Ümumdünya Səhiyyə Təşkilatının mütəxəssislərinin Azərbaycana dəvət edildiklərini, onların ölkədə vəziyyətlə tanış olaraq görülmüş işləri müsbət qiymətləndirdiklərini də qeyd edib. O, həmçinin Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesusun Prezident İlham Əliyevə göndərdiyi məktubda Azərbaycan hökumətinin həyata keçirdiyi tədbirləri nümunəvi adlandırdığını diqqətə çatdırıb.

Hikmət Hacıyev bildirib ki, Azərbaycanın mövqeyi bundan ibarətdir ki, koronavirusla mübarizədə özünəqapanma deyil, qlobal həmrəylik səmərəlidir. Bu baxımdan o, Azərbaycanın hazırda sədrlik etdiyi Türk Şurasının və Qoşulmama Hərəkatının bu yaxınlarda keçirilmiş zirvə görüşlərini xatırladıb.

Azvision.az


Teqlər: HikmətHacıyev  





Xəbər lenti