Zaqatalada törədilən qətlin üstü açıldı - RƏSMİ

  15 May 2020    Oxunub : 3260
Zaqatalada törədilən qətlin üstü açıldı - RƏSMİ
Mayın 14-də saat 19 radələrində 2002-ci il təvəllüdlü Zaqatala rayonu Mosul kənd sakini İlyas İlyasovun bıçaqlanaraq öldürülməsi barədə daxil olan məlumat əsasında dərhal polis və prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib.
Zaqatala rayon Prokurorluğundan Azvision.az-a verilən məlumata görə, faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

Həyata keçirilən təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin 2003-cü il təvəllüdlü rayon sakini Əliməmməd Əliməmmədov tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Ə.Əliməmmədov müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi cinayəti etiraf edib və səmimi peşman olmasını bildirib.

Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Azvision.az

Teqlər: Zaqatala   Qətl