Naxçıvandakı Fonda 5 milyon manatdan çox pul yığılıb

 Naxçıvandakı Fonda 5 milyon manatdan çox pul yığılıb
  15 May 2020    Oxunub:3180
"Koronavirus pandemiyasına qarşı muxtar respublikada kompleks qabaqlayıcı tədbirlər görülüb. Ali Məclis Sədrinin 2020-ci il 24 mart tarixli Fərmanı ilə “Naxçıvan Muxtar Respublikasında Koronavirusla Mübarizəyə Dəstək Fondu” yaradılıb və “Koronavirusla Mübarizəyə Dəstək Fondunun vəsaitinin formalaşdırılması, idarə olunması və ondan istifadə Qaydası” təsdiq edilib. Fərmanda verilən tapşırıqlardan irəli gələrək fond üçün xüsusi xəzinə hesabı açılıb, vəsaitlərin fonda qəbulu və cəmləşdirilməsi istiqamətində lazımi tədbirlər həyata keçirilib".
Azvision.az xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikası Baş nazirinin müavini-maliyyə naziri Səbuhi Məmmədov deyib.

Nazir bildirib ki, açılan xəzinə hesabının rekvizitləri ictimaiyyətə təqdim edilib, rəsmi internet saytı fəaliyyətə başlayıb, ianə edən fiziki və hüquqi şəxslər, həmçinin vəsaitlərin ümumi həcmi barədə məlumatlar yerləşdirilib:

"Ötən dövrdə fonda 437 hüquqi və 569 fiziki şəxs tərəfindən ümumilikdə 5 milyon 47 min 189 manat vəsait köçürülüb. Fondun vəsaitlərindən 3 milyon 326 min 861 manatı koronavirusla mübarizə tədbirlərinə xərclənib. Ali Məclis Sədrinin sərəncamı ilə koronavirusla mübarizə tədbirlərində iştirak edənlərə mükafat və müddətli əlavələr ödənilib. Hazırda fondda 1 milyon 720 min 328 manat vəsait mövcuddur. Bu vəsait də pandemiya ilə mübarizə tədbirlərinə xərclənəcəkdir. Muxtar respublikada vergi ödəyicisi kimi qeydiyyatda olan 323 sahibkarlıq subyektinə işçilərinin əməkhaqlarının ödənilməsi, 6 min 282 fərdi sahibkara isə birdəfəlik maliyyə yardımının göstərilməsi üçün vəsaitlərin ayrılması nəzərdə tutulub".

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Naxçıvan   Maliyyə-naziri  





Xəbər lenti