Naxçıvanda 106 nəfərdə koronavirus aşkarlanıb

Naxçıvanda 106 nəfərdə koronavirus aşkarlanıb
  15 May 2020    Oxunub:11759
"Yaradılan şəraitin və görülən qabaqlayıcı tədbirlərin nəticəsidir ki, pandemiya elan olunan virusun muxtar respublikada yayılmasının qarşısı alınıb. Naxçıvan Muxtar Respublikasında ümumilikdə 7450 nəfər karantinə alınıb. Ötən dövrdə 7033 nəfərin karantin müddəti bitib. Hazırda 417 nəfər karantində saxlanılır".
Azvision.az xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikası Səhiyyə nazirinin müavini Zeynəb Mustafayeva deyib.

Onun sözlərinə görə, virusun laborator təyini üçün muxtar respublikada Polimer Zəncirvari Reaksiya laboratoriyası yaradılıb, ötən dövrdə 2506 müayinə aparılıb, 106 nəfərdə virus aşkarlanıb, onlardan 2-si vəfat edib, 99-u müsbət reaksiyalı tam sağalma ilə evə yazılıb:

"Hazırda 5 xəstənin müalicəsi davam etdirilir. Səhiyyə müəssisələrində olan süni tənəffüs aparatları və oksigen konsentratorları işlək vəziyyətə gətirilib, əlavə 11 oksigen konsentratoru alınıb. Həmçinin, Yoluxucu Xəstəliklər Mərkəzində əlavə kompressor və oksigen paneli quraşdırılıb, oksigen və təzyiqlə hava verilməsinin həcmi artırılıb. Kəskin böyrək çatışmazlığı olan xəstələrdə hemodializ seansı həyata keçirmək üçün bütün hazırlıq işləri görülüb, 40 funksional çarpayı alınıb. Eyni zamanda muxtar respublikaya 58 min 200 litr formalin alınaraq gətirilib, 10 milyon kvadratmetr sahədə dezinfeksiya və dezinseksiya işləri aparılıb.

Bütün bunlarla yanaşı, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamlarına əsasən profilaktik tədbirlərdə iştirak edən dövlət tibb müəssisələrinin işçiləri və digər qurumların əməkdaşları aylıq vəzifə maaşının 1, 2 və 3 misli məbləğində mükafatlandırılıblar", - deyə nazir müavini qeyd edib.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Naxçıvan   Səhiyyə  





Xəbər lenti