Partiya sədri: “ABŞ Azərbaycanı dəstəkləyir”

  Partiya sədri:  “ABŞ Azərbaycanı dəstəkləyir”
  15 May 2020    Oxunub:3921
Xəbər verdiyimiz kimi, Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə 28 May – Respublika Günü münasibətilə təbrik məktubu ünvanlayıb.
Məktubda qeyd olunub ki, ABŞ Azərbaycanın suverenliyini və müstəqilliyini güclü şəkildə dəstəkləyir: "Birləşmiş Ştatlar və Azərbaycan beynəlxalq təhlükəsizliyi gücləndirmək, Avropanın enerji marşrutlarını və mənbələrini şaxələndirmək və iki böyük xalqın insanlarına parlaq gələcək qurmaq naminə təxminən 30 il əməkdaşlıq ediblər. Bu sahələrdə Azərbaycanın mühüm töhfələrini dəyərləndirir, dəstəklənməsinə söz verdiyimiz demokratik idarəetməni təşviq edən, habelə hüquq və azadlıqları qoruyan bütün addımların atılmasına həvəsləndiririk. Koronavirus pandemiyası ilə üzləşdiyimiz bir vaxtda Birləşmiş Ştatlar Azərbaycan xalqının yanındadır. Biz Minsk qrupunun həmsədrlərindən biri kimi Dağlıq Qarabağ münaqişəsinin dayanıqlı və sülh yolu ilə həlli üçün danışıqların dəstəklənməsində iştirakımızı davam etdirəcəyik".

Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə Azvision.az -a açıqlamasında bildirib ki, Trampın məktubunda ABŞ-ın bölgədə sabitlik və ölkələrin müstəqilliyində maraqlı olduğu tam aydın sezilir.

"Məktubda ilk növbədə ABŞ-ın Azərbaycanın həyata keçirdiyi strateji proqramlara dəstək ifadə olunur. Həmçinin Azərbaycanın enerji, nəqliyyat, Avropa Birliyinə dəstək və onun enerji təhlükəsizliyini təmin edən layihələrinin dəstəkləndiyi vurğulanır", - deyə deputat vurğulayıb.

A.Mollazadə qeyd edib ki, ABŞ Azərbaycanın müstəqil dövlət kimi inkişafında maraqlıdır: "Məktubda ABŞ-ın bölgədəki münaqişənin həllində Azərbaycana dəstək verməyə hazır olduğu bildirilir. Ən əsas məsələ ölkələrimizin tərəfdaşlığının güclənməsi və inkişaf etməsi arzuları ABŞ Prezidentinin məktubunda öz əksini tapıb. Hesab edirəm ki, Trampın məktubu Azərbaycan-Amerika münasibətlərində əməkdaşlığın və qarşılıqlı maraqların güclənməsinə, həmçinin münasibətlərimizin daha da inkişafına mühüm töhfələr verəcək".

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: Tramp   ABŞ   Məktub   Prezident   28-May  





Xəbər lenti