Bakı növbəti dəfə dezinfeksiya olundu - FOTOLAR

  Bakı növbəti dəfə dezinfeksiya olundu -    FOTOLAR
  16 May 2020    Oxunub:4516
Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırıq və göstərişlərinə uyğun olaraq Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtda koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizə tədbirləri genişləndirilib.
Azvision.az xəbər verir ki, görülən tibbi-profilaktik tədbirlər çərçivəsində mayın 16-da səhər saatlarından başlayaraq paytaxdakı 300-dən çox əsas küçə və prospektlərdə kommunal təsərrüfat xidmətlərinin 40 ədəd xüsusi texnikası və əməkdaşları tərəfindən dezinfeksiya işləri həyata keçirilib.

Mərkəzi küçələrlə yanaşı paytaxtın qəsəbə və yaşayış massivlərindəki küçələrdə də dezinfeksiya işləri aparılıb. Bu zaman istifadə edilən maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq paytaxt sakinlərinin ciddi zərurət yaranmadığı təqdirdə həmin gün küçəyə çıxmamaları barədə KİV-lər vasitəsi ilə xəbərdarlıq edilib.

Daxili İşlər Nazirliyinin şəxsi heyəti keçirilən növbəti genişmiqyaslı dezinfeksiya işlərinə ənənəvi olaraq dəstək verib, nazirliyin 20 ədəd xüsusi təyinatlı avtonəqliyyat vasitəsi dezinfeksiya tədbirlərində fəal iştirak edib.

Gün ərzində paytaxtın kommunal xidmətlərinin 2000 nəfərdən çox əməkdaşı tərəfindən dezinfeksiyaedici aparatlarla səkilərdə, yol kənarlarında, park və meydanlarda, obyektlərin qarşısında, yol kənarı məhəccərlərdə də tibbi-profilaktik işlər görülüb.

Eyni zamanda Bakı şəhər və eləcə paytaxt rayonlarının İcra Hakimiyyətlərinin əməkdaşları, rayonlarda yaradılan Operativ Qərargahların üzvləri, könüllülər sakinlərin daha çox toplandığı küçə və prospektlərdə maarifləndirici reydlər keçirərək vətəndaşlara tibbi maskalar paylayıb, xəstəliyə yoluxmamaq üçün lazımı tədbirlərin görülməsi yollarını izah ediblər.























Azvision.az


Teqlər: Dezinfeksiya   Meriya  





Xəbər lenti