ABŞ-dan Azərbaycana böyük dəstək - Trampın məktubundakı mühüm məqamlar

  17 May 2020    Oxunub : 3990
ABŞ-dan Azərbaycana böyük dəstək - Trampın məktubundakı mühüm məqamlar
Xəbər verdiyimiz kimi, Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə 28 May – Respublika Günü münasibətilə təbrik məktubu ünvanlayıb.
Məktubda qeyd olunub ki, ABŞ Azərbaycanın suverenliyini və müstəqilliyini güclü şəkildə dəstəkləyir: "Birləşmiş Ştatlar və Azərbaycan beynəlxalq təhlükəsizliyi gücləndirmək, Avropanın enerji marşrutlarını və mənbələrini şaxələndirmək və iki böyük xalqın insanlarına parlaq gələcək qurmaq naminə təxminən 30 il əməkdaşlıq ediblər. Bu sahələrdə Azərbaycanın mühüm töhfələrini dəyərləndirir, dəstəklənməsinə söz verdiyimiz demokratik idarəetməni təşviq edən, habelə hüquq və azadlıqları qoruyan bütün addımların atılmasına həvəsləndiririk. Koronavirus pandemiyası ilə üzləşdiyimiz bir vaxtda Birləşmiş Ştatlar Azərbaycan xalqının yanındadır. Biz Minsk qrupunun həmsədrlərindən biri kimi Dağlıq Qarabağ münaqişəsinin dayanıqlı və sülh yolu ilə həlli üçün danışıqların dəstəklənməsində iştirakımızı davam etdirəcəyik".



Milli Məclisin Beynəlxalq münasibətlər və Parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycan-Amerika Birləşmiş Ştatları parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Səməd Seyidov bildirib ki, Donald Trampın 28 May - Respublika Günü münasibətilə Azərbaycan Prezidentini ilk təbrik edən dövlət başçılarından olması heç də təsadüfi deyil:

"Məktubda yer alan üç əsas fikri xüsusi vurğulamaq lazımdır. Birincisi, ABŞ-ın Azərbaycanın suverenliyini və müstəqilliyini tanıyaraq güclü şəkildə dəstəkləməsi fikridir. Bu, bir daha dünyanın aparıcı ölkəsi olan ABŞ tərəfindən Azərbaycanın ərazi bütövlüyünə, onun beynəlxalq qanun tərəfindən tanınmış sərhədlərinə göstərilən yüksək səviyyəli hörmətdir. Bu, Dağlıq Qarabağ bölgəsinin və 7 ətraf rayonunun erməni işğalı altında olan, 1 milyona yaxın qaçqın və məcburi köçkününün olduğu Azərbaycan üçün çox vacib məqamdır.



İkincisi, Amerika Birləşmiş Ştatlarının Azərbaycan ilə iqtisadi münasibətlərinin, enerji layihələrinin xüsusilə önə çəkilərək yüksək səviyyədə qiymətləndirilməsi çox vacib məsələdir. Bu sahələrdə Azərbaycan ilə 30 ildən çox əməkdaşlıq edən ABŞ-ın ölkəmizin Avropa və dünya üçün enerji sahəsində gördüyü işləri yüksək səviyyədə qiymətləndirməsi özü-özlüyündə böyük əhəmiyyət kəsb edir. Burada xüsusilə bir məqama da diqqət yetirmək lazımdır ki, bu müddət ərzində həmin layihələrdən istifadə edərək, Azərbaycan xalqının rifahı naminə görülən bütün işlər Amerika tərəfindən həm təsdiqlənir, həm də bəyənilir. Azərbaycan Respublikasının apardığı daxili və xarici siyasət dünyanın ən böyük ölkəsi tərəfindən xüsusi rəğbətlə qarşılanmışdır. Azərbaycanın çətin pandemiya dövründə insanlara yardım istiqamətində gördüyü işlər də qeyd olunmuşdur.



Nəhayət, üçüncü məsələ, ABŞ Minsk qrupunun həmsədridir və həmsədr kimi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsində maraqlıdır. Məktubda bu danışıqların məhz Minsk qrupu formatında aparılması, bu istiqamətdə səylərin göstərilməsi bizim üçün çox əhəmiyyətli və vacibdir. Ümumiyyətlə, qeyd etməliyəm ki, son zamanlar Azərbaycanın milli maraqlarını əks etdirən məsələlər, yəni, ərazi bütövlüyünün dəstəklənməsi, danışıqların mövcud formatda aparılması, beynəlxalq qanunun regionumuzda bərpası dünyanın aparıcı gücləri tərəfindən öz təsdiqini tapır. Bir neçə gün əvvəl Avropa İttifaqının qərarı, bu günlərdə ABŞ Prezidentinin məktubu buna əyani sübutdur”.



Milli Məclisin deputatı Musa Qasımlı isə deyib ki, ABŞ dövlətinin mövqeyini ifadə edən məktubda Amerika hökuməti Azərbaycan Respublikasının suverenliyini və müstəqilliyini güclü şəkildə dəstəklədiyini, ölkəmizin bu yolla irəliləməsi istəyini bəyan edir və millətimizin gələcək inkişafını müstəqillikdə və suverenlikdə görür:

"Trampın ABŞ-ın və Azərbaycanın beynəlxalq təhlükəsizliyi gücləndirmək, Avropanın enerji marşrutlarını, mənbələrini şaxələndirmək və iki böyük xalqın insanlarına parlaq gələcək qurmaq naminə təxminən 30 il uğurla əməkdaşlıq etdiklərini xatırlaması həm toplanmış müsbət tarixi təcrübəyə diqqətin yönəldilməsi baxımından, həm qarşılıqlı münasibətlərin möhkəm təməllərinin, həm gələcək əməkdaşlıq üçün böyük potensialın olmasının, həm də Azərbaycanın keçdiyi uğurlu yolun və dünya siyasətində oynadığı rolun, tutduğu yerin təsdiqidir. Bu, o deməkdir ki, ABŞ hökuməti bundan sonra da ölkəmizlə əməkdaşlıqda maraqlıdır. Qeyd etmək lazımdır ki, iki ölkə beynəlxalq terrorizmə qarşı mübarizədə səmərəli əməkdaşlıq ediblər. Trampın Amerika və Azərbaycan xalqlarını “iki böyük xalq” adlandırması da mənalıdır. Bu, bir daha göstərir ki, xalqın böyüklüyü onun sayının azlığı və ya çoxluğu ilə ölçülmür. Xalqı böyük edən dövlət rəhbərlərinin yürütdüyü siyasətdir. Deməli, bu məktub, eyni zamanda, Azərbaycan xalqının dünyada böyüklüyünü təsdiq etdirən və beynəlxalq siyasətdə yerini gücləndirən dövlətimizin başçısı İlham Əliyevin xidmətlərinə verilən beynəlxalq qiymətdir".



Deputat vurğulayıb ki, məktubda ABŞ hökumətinin Azərbaycan hakimiyyətinin demokratikləşmə sahəsində fəaliyyətini yüksək qiymətləndirməsi və demokratik idarəetməni təşviq etməsi, habelə hüquq və azadlıqları qoruyan bütün addımların atılmasına dəstək verməsi niyyətinin bəyan olunması mühüm əhəmiyyət daşıyır.

"Bir daha aydın olur ki, Birləşmiş Ştatlar ölkəmizin gələcək inkişafını demokratiyada görür. Ancaq məlum olduğu kimi, demokratik inkişaf yolu Azərbaycan xalqının sərbəst seçimidir və o, bu yolla da inamla irəliləyir. ABŞ kimi bir dövlətin bu işə dəstək verməsi ancaq alqışlanmalıdır, - deyən M.Qasımlı, həmçinin bildirib ki, koronavirus pandemiyasının yaratdığı ağır şəraitdə Birləşmiş Ştatların Azərbaycan xalqının yanında olmasını bəyan etməsi əməkdaşlığın yaxşı nümunəsi olmaqla bərabər, gələcəkdə meydana çıxa biləcək çətin günlərdə də bir yerdə olmağa işarədir.

"ABŞ-ın Minsk qrupunun həmsədrlərindən biri kimi Dağlıq Qarabağ münaqişəsinin dayanıqlı və sülh yolu ilə həlli üçün danışıqların dəstəklənməsində iştirakını davam etdirməsini bəyan etməsi əhəmiyyətlidir. Ancaq Azərbaycan ərazilərinin işğalına son qoyulması üçün təcavüzkar Ermənistana təzyiqlərin edilməsi də zəruridir. Bütövlükdə, Donald Trampın məktubu həm Azərbaycan xalqının dövlət müstəqilliyinə, həm də Prezident İlham Əliyevin şəxsiyyətinə, rəhbərliyinə olan hörmət və ehtiramın göstəricisidir".



Millət vəkili Hikmət Babaoğlunun sözlərinə görə, Azərbaycan-ABŞ münasibətləri bütün istiqamətlər üzrə yüksək tərəfdaşlıq səviyyəsindədir: "Azərbaycanın həyata keçirdiyi qlobal layihələr istər Avropanın, istərsə də Şimali Atlantika ölkələrinin qarşılıqlı mənafeləri və təhlükəsizliyi baxımından olduqca əhəmiyyətlidir. Bütün bunlarla bərabər, ABŞ və Azərbaycan beynəlxalq münasibətlər sistemində bir sıra strateji istiqamətlər üzrə, o cümlədən hərbi-siyasi istiqamətlər üzrə geniş tərəfdaşlıq imkanlarına sahibdirlər. NATO yüklərinin Əfqanıstana daşınmasında, dünyada sülhün bərqərar olunmasında, təşkil edilmiş sülhməramlı missiyanın yerinə yetirilməsində ABŞ Azərbaycanla tərəfdaşlıq edir. ABŞ həm də dünya siyasətini müəyyən edən güc mərkəzlərindən biri kimi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli məqsədilə yaradılmış ATƏT-in Minsk qrupunun həmsədrlərindəndir. Bütün bunlar ABŞ-Azərbaycan münasibətlərinin qarşılıqlı maraqlar kontekstində çox mühüm strateji əhəmiyyətə malik olmasını şərtləndirir".



H.Babaoğlu əlavə edib ki, ABŞ Prezidenti Donald Trampın Azərbaycan Prezidenti İlham Əliyevə göndərdiyi məktubda məhz mühüm strateji istiqamətlərə toxunması, dövlətimizin ərazi bütövlüyü ilə bağlı məsələləri önə çəkməsi və onu dəstəklədiyini bildirməsi həm iki ölkə arasında olan münasibətlərin göstəricisidir, həm də Azərbaycanın beynəlxalq münasibətlərin müstəqil aktoru olaraq bu münasibətlər sistemində nüfuzu kimi qiymətləndirilməlidir:

"Bu məktub bundan sonrakı mərhələdə yeni dünya nizamı yaranması prosesində ABŞ və Azərbaycanın qarşılıqlı münasibətləri ilə bağlı əsas istiqamətləri müəyyən edən fikirlərdir. Belə proqnozlaşdırmaq olar ki, bundan sonrakı mərhələdə də ABŞ-Azərbaycan münasibətləri bütün sahələr üzrə inkişaf dinamikasına malik olacaq".

Kənan Məmmədov
Azvision.az

Teqlər: ABŞ   Azərbaycan   Tramp   Məktub   Prezident