“Hay havadarlarının fikirlərini dəyişdirəcək qədər güclənməliyik” - Sahib Alıyev

  18 May 2020    Oxunub : 3105
 “Hay havadarlarının fikirlərini dəyişdirəcək qədər güclənməliyik” - Sahib Alıyev
Düz 28 ildir ki, Laçınsızlığa dözürük. Təkidlə bizə "Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yoluyla həllindən başqa ayrı həll yolu yoxdur" deyənlər özləri Azərbaycan kimi işğal faktıyla üzləşsəydilər, görəsən neçə il dözərdilər?
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Sahib Alıyev "Facebook" hesabında yazıb.

Deputatın sözlərinə görə, aydındır ki, sual ritorikdir və onun ritorikliyi də bizə bunu deyənlərin güclülüklərindən qaynaqlanır: "Əlbəttə, biz də indi haylardan qat-qat güclüyük. Amma təkidlə "Dağlıq Qarabağ münaqişəsinin sülhdən başqa ayrı həll yolu yoxdur" deyənlərin xəbərdarlıqlarına məhəl qoymayaraq, gərəkən addımları atarkən onların hərəkətə keçməyəcəkləri və keçdikləri halda belə hər hansı böyük təhlükələrlə üzləşməyəcəyimiz qədər güclü olmalıyıq biz.

Bizdə bəziləri deyirlər ki, hayların havadarlarının onlara yanaşmaları dəyişsə, yaxud da zəifləyib çöksələr, torpaqlarımızı işğaldan azad edə bilərik. Bu, düzgün yanaşma deyil və məncə, ilboyu güclü musson yağışlarının yağdığı yerdə yaşayan, təcili yola çıxmalı olan adamın, islanmamaq üçün çətir almaq, yaxud da başqa bir tədbir görməkdənsə, oturub evdə onun nə vaxt dayanacağını gözləməsinə bənzəyir.

Yəni biz oturub kimlərinsə fikirlərinin dəyişmələrini, yaxud da zəifləmələrini gözləməli deyilik, necə ki gözləmirik də. Özümüz güclənməliyik, durmadan güclənməliyik, hay havadarlarının fikirlərini dəyişdirəcək qədər güclənməliyik.

Laçınsız qalmamaq, Şuşasız qalmamaq, işğal altındakı bütün torpaqlarımızı qaytarmaq üçün, dövlət olaraq, cəmiyyət olaraq, fərd olaraq güclənməli, bizi zəif salan mərəzlərdən birdəfəlik qurtarmalı, onu yayan 5-ci kolon təmsilçiləri üçün heç bir münbit şərait yaratmamalıyıq!".

Azvision.az

Teqlər: Deputat   Sahib-Alıyev