Hay və Hitler: Paşinyan-Mnatsakanyan cütlüyü faşizmi niyə sevir – TƏHLİL

      Hay və Hitler:    Paşinyan-Mnatsakanyan cütlüyü faşizmi niyə sevir –    TƏHLİL
  20 May 2020    Oxunub:20856
Almaniyanın nüfuzlu “Die Tageszeitung” (TAZ) nəşri 2019-cu ildə ermənilərin Adolf Hitlerə sevgisini göstərən bir xəbər dərc etmişdir. Məlumatda deyilirdi ki, məşhur erməni qənnadı markası məhsulunu tanıtmaq üçün Hitleri özünün reklam siması seçib. Reklam posterində Adolf Hitler əlində şirniyyat və əynində nasizmin svastikası əks olunan geyimlə müştəriləri içəri dəvət edirdi.
Ermənilərin nasizm sevgisindən doğan həmin reklam ideyası ölkələrində rəğbət qazansa da, kənardan gələn ciddi təpkilər sonda həmin reklam posterinin yığışdırılması ilə nəticələndi. Amma bu hal ermənilərin faşizmə sevgisi açıq şəkildə bütün dünyaya göstərdi.



Ermənistanın Xarici İşlər naziri Zohrab Mnatsakanyan 2019-cu ildə faşizm üzərində qələbə gününün qeyd olunması ərəfəsində çox ciddi bir səhvə yol verdi. Onun sosial şəbəkə hesabında faşistlərlə əməkdaşlıq etmiş erməni legionlarından birinə aid paylaşdığı foto böyük rezonansa səbəb oldu. XİN rəhbəri fotonu silsə də, hər halda, belə bir səhv olmamalı idi, çünki söhbət ölkənin baş diplomatından gedir. İstər-istəməz belə bir nəticə çıxırdı ki, onların qəlbində Hitlerə rəğbət hər zaman yaşayır.

Bənzər hadisə 1 il sonra Ermənistanın baş naziri Nikol Paşinyanın timsalında yaşandı. Bu dəfə Paşinyanın Hitler ordusu üçün savaşmış, tarixə satqın olaraq düşmüş babası Nikolay Vartanoviç Paşinyanın fotosunu paylaşaraq, 9 May qələbə günü münasibətilə təbrik yazması növbəti, daha böyük qalmaqala səbəb oldu. Çünki söhbət nə az-nə çox, bir ölkənin baş nazirinin faşizm sevgisindən gedir. N.Paşinyanın babası, məlum olduğu kimi, 138-ci atıcı diviziyanın 554-cü atıcı alayında xidmət edib, lakin sonradan xain kimi nasist Almaniyası tərəfinə keçərək, onlara işləyib və nəhayət, 1943-cü ildə həlak olub.



Ümumilikdə, hər iki fakt deməyə əsas verir ki, Ermənistanın əvvəlki və indiki siyasi elitasında, konkret Paşinyan və Mnatsakanyanın, həmçinin, eks-prezident Serj Sarkisyanın qəlbində böyük bir Hitler sevgisi var. Belə rəhbər vəzifələrdə çalışan şəxslərin faşistlərlə əməkdaşlıq etmiş cinayətkarların fotolarını yayımlaması heç bir halda sadəcə “səhv” sayıla bilməz. Bu, birbaşa faşizm ideologiyasına qarşı olan simpatiyanın nəticəsidir.

Məlumdur ki, II Dünya Müharibəsinin ilk illərində 22 mindən, sonralar isə 44 mindən çox erməni Hitler ordusunda, xüsusilə də yəhudilərə qarşı ən qəddar cinayətləri törətmiş “SS” birliklərində xidmət ediblər. O dövrün tarixi sənədlərində erməni generalı Drastamat Kanayanın (Dro) alman faşistləri ilə necə əməkdaşlıq etməsi, yənudilərə qarşı qətliam taktikalarını almanlara öyrətməsi, hətta bir neçə dəfə Adolf Hitlerlə şəxsən görüşməsinə dair faktlar əksini tapıb. Maraqlıdır ki, ermənilər Dronu hər zaman qəhrəman olaraq görüblər. Elə bunun nəticəsidir ki, cani, faşist Dro 1956-cı ildə ABŞ-da öldükdən sonra onun cəsədi Ermənistana gətirilib.

Britaniyalı tarixçi Kristofer Volker yazır ki, general Dro nasizm uğurundainsanlığa qarşı cinayətlər işləyib. Dro və daşnak silahdaşları Polşada almanların əsir düşərgələrində “SS” birlikləri tərəfindən hərbi təlimlər keçiblər.

Başqa bir Britaniyalı tarixiçi yazar Pat Valsın isə Qaregin Njdenın faşizm uğurunda hansı cinayətləri törətməsinə, eləcə də, yəhudilərə qarşı müxtəlif cinayətlər işləməsinə dair xeyli araşdırma məqalələri var.

İsrailə bağlı araşdırma mərkəzi 2003-cü ildə erməni legionlarının, özəlliklə o legionlardan bir neçəsinin sırf yəhudilərin qətliamı ilə məşğul olduğunu konkret arxiv fotoları ilə dünya mətbuatına açıqlamışdı. Ermənilərin cinayətkar və faşizm ideologiyasına xidmət etməsini sübuta yetirən kifayət qədər danılmaz faktlar var. Qalır dünya birliyinin buna adekvat qiymət verməsi.

Fərrux Həsənov
Azvision.az üçün


Teqlər: Faşizm   Paşinyan  





Xəbər lenti