İspaniya Azərbaycana təşəkkür etdi

  20 May 2020    Oxunub : 2909
 İspaniya Azərbaycana təşəkkür etdi
Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarovun İspaniya Krallığının Xarici İşlər naziri Arança Qonzalez Laya ilə telefon söhbəti baş tutub.
XİN-dən Azvision.az -a verilən məlumata görə, İspaniya Xarici İşlər naziri Arança Qonzalez Laya mövcud qlobal pandemiya ilə mübarizə çərçivəsində birgə səylərin və həmrəyliyin əhəmiyyətini vurğulayıb və Azərbaycanın Heydər Əliyev Mərkəzinin binasının üzərində İspaniya bayrağının işıqlandırılması ilə verdiyi həmrəylik ismarışına görə öz təşəkkürünü bildirib. Xanım nazir, həmçinin qlobal sağlamlıq böhranına qarşı birgə mübarizəyə dəstək ifadə edən məktubuna görə Azərbaycanlı həmkarına təşəkkürünü ifadə edib.

Nazirlər iki ölkə arasında siyasi əlaqələrin yüksək səviyyədə inkişaf etdiyini qeyd ediblər. Ölkələrin beynəlxalq hüququn norma və prinsiplərinə, o cümlədən BMT Nizamnaməsi və Helsinki Yekun Aktında əks olunmuş dövlətlərin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə hörmət, sərhədlərin toxunulmazlığı prinsiplərinə uyğun olaraq BMT çərçivəsində əməkdaşlığını vurğulayıblar.

İki ölkə arasında strateji tərəfdaşlığa dair bəyannamənin yaxın gələcəkdə imzalanması və bu xüsusda yüksək səviyyəli səfərlərin əhəmiyyəti qeyd olunub. Tərəflər, habelə ölkələr arasındakı müqavilə hüquq bazasının möhkəmləndirilməsi məsələlərini müzakirə ediblər.

Nazirlər, iki ölkə arasında iqtisadi və enerji sahələrində əməkdaşlığın gücləndirilməsi, habelə mədəni əlaqələrin genişləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

Tərəflər, pandemiyadan sonra qarşılıqlı səfərlərin həyata keçirilməsi üçün dəvətlərini səsləndiriblər.

Azvision.az

Teqlər: XİN   İspaniya