Koronavirusdan ölənlərin dəfni ilə bağlı qaydalar açıqlandı

 Koronavirusdan ölənlərin dəfni ilə bağlı qaydalar açıqlandı
  20 May 2020    Oxunub:4613
Koronavirusdan vəfat edən şəxslərin dəfni ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahda müzakirələr aparılıb. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini müzakirələrə qatılıb. Qafqaz Müsəlmanları İdarəsinin tövsiyələri və razılaşdığı sənədlər var. QMİ-nin mövqeyi burada ifadə olunub.
Azvision.az xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı “Yeni TV”yə bildirib.

Komitə sədri deyib ki, razılaşmaya əsasən, vəfat edən şəxslərin dəfn edilməsində müəyyən tibbi qaydalar var.

“Dini baxımdan qaydalara yeni təklif gətirilməyib. Əgər müsəlman şəxs vəfat edibsə, islami qaydalara uyğun dəfn olunur, imam iştirak edir və bütün ayinlər icra olunur. Yenilik tibblə bağlıdır ki, qoruyucu vasitələrdən istifadə edilsin. Dəfn mərasimində yalnız ailə üzvlərinin iştirakı nəzərdə tutulur”.

M.Qurbanlı qeyd edib ki, koronavirusdan vəfat edən şəxslərin dəfni ilə məşğul olması üçün imamların siyahıları yerlərdəki məscidlərə göndərilib.

“Həmin imamlar dəfn mərasiminə çağrılır və iştirak edirlər. Məscidlərin hamısında lazımi siyahı üzrə imamlar var”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Komitə   Din  





Xəbər lenti