“Rəsmi Vaşinqton İlham Əliyevin siyasətini dəstəkləyir” - Vitse-spiker

   “Rəsmi Vaşinqton İlham Əliyevin siyasətini dəstəkləyir” -    Vitse-spiker
  20 May 2020    Oxunub:4531
Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın Azərbaycan Prezidenti İlham Əliyevə 28 May – Respublika Günü münasibətilə göndərdiyi təbrik məktub iki ölkə arasındakı əməkdaşlığın mövcud durumundan xəbər verir.
Bunu Azvision.az -a Milli Məclis Sədrinin müavini Adil Əliyev deyib.

Məktubda yer alan fikirlərin çox əhəmiyyətli olduğunu vurğulayan Adil Əliyev bildirib: “Birincisi, Ağ Ev sahibi məktubunda yazır ki, Birləşmiş Ştatlar Azərbaycanın suverenliyini və müstəqilliyini güclü şəkildə dəstəkləyir. İkincisi, Ağ Ev sahibi Birləşmiş Ştatların və Azərbaycanın beynəlxalq təhlükəsizliyi gücləndirmək, Avropanın enerji marşrutlarını və mənbələrini şaxələndirmək və iki böyük xalqın insanlarına parlaq gələcək qurmaq naminə təxminən 30 il əməkdaşlıq etdiyini xatırladıb. ABŞ Prezidenti Azərbaycanın bu fəaliyyətdə mühüm töhfələr verdiyini yüksək dəyərləndirib. Üçüncüsü, məktubda vurğulanır ki, koronavirus pandemiyası ilə üzləşdiyimiz bir vaxtda Birləşmiş Ştatlar Azərbaycan xalqının yanındadır”.

Milli Məclis Sədrinin müavini qeyd edib ki, məktubda yazılan “iki böyük xalq” ifadəsi ABŞ Prezidentinin Azərbaycan xalqına verdiyi yüksək qiymətdən xəbər verir. ABŞ Azərbaycana strateji tərəfdaş olan ölkələrdəndir. Dövlət başçısı İlham Əliyev Amerikanın Azərbaycanın enerji layihələrinə verdiyi dəstəyi hər zaman yüksək qiymətləndirib. 1990-cı illərin ortalarında Türkiyə ilə birgə ABŞ-ın Bakı-Tbilisi-Ceyhan neft boru xəttinə verdiyi dəstək Azərbaycanın müstəqillik illərində ilk böyük enerji layihəsinin həyata vəsiqə qazanmasını sürətləndirdi. Halbuki, bu layihə ilə bağlı dövlətimizə qarşı açıq və gizli təhdidlər mövcud idi. Bu təhdidlərə baxmayaraq, ümummilli liderimiz Heydər Əliyev həm “Əsrin müqaviləsi”ni, həm də Bakı-Tbilisi-Ceyhan boru xəttinin tikintisi ilə bağlı Sazişi imzaladı. Prezident İlham Əliyev isə Ümummilli Liderin siyasətini davam etdirərək Bakı-Tbilisi-Ceyhan boru xəttinin fəaliyyətə başlamasını, o cümlədən “Əsrin müqaviləsi”nin növbəti 25 il üçün də uzadılmasını təmin etdi. Rəsmi Vaşinqton Prezident İlham Əliyevin Azərbaycan dövlətinin gücləndirilməsinə xidmət edən bu siyasətini dəstəkləyir. Çünki bu siyasət Amerikanın da maraqlarına cavab verir. Digər tərəfdən Azərbaycanın Amerika ilə formalaşdırdığı əməkdaşlıq əsla üçüncü ölkələrə qarşı yönəlməyib.

A.Əliyevin sözlərinə görə, ABŞ Prezidentinin məktubunda da vurğulandığı kimi, iki ölkə arasında strateji əlaqələr bir neçə sahəni əhatə edir. Bu sırada enerji, təhlükəsizlik və iqtisadi əlaqələrin özünəməxsus yeri var. Doğrudur, ABŞ Konqresinin və Dövlət Departamentinin Azərbaycanın maraqları əleyhinə zaman-zaman qəbul etdiyi sənədləri ciddi tənqid edirik. Ancaq Amerikada əsas söz sahibi olan Prezidentin Azərbaycanla əməkdaşlığa verdiyi dəyər bizim üçün daha vacibdir.

“Cənubi Qafqazın hər baxımdan əsas ölkəsi Azərbaycandır. Bunu Vaşinqtonda da anlayırlar. Təsadüfi deyil ki, ABŞ-ın müasir xarici və təhlükəsizlik siyasətinin başlıca ideoloqları Avrasiya bölgəsində dünyəvi müsəlman ölkəsi olan Azərbaycanla strateji əlaqələrin Birləşmiş Ştatların milli təhlükəsizlik siyasətinin maraqlarına cavab verdiyini bildirirlər. Amerikada dəyişən prezidentlər siyasətlərini məhz bu ideologiya əsasında qururlar. Bəzən olur ki, ABŞ-ın hansısa tanınmış siyasətçisi prezident olmamışdan əvvəl erməni lobbisinə hansısa vəd verir. Ancaq həmin siyasətçi prezident seçildikdən sonra ölkəsinin milli və təhlükəsizlik maraqlarından çıxış edir. Həmin maraqlar isə Azərbaycanla strateji tərəfdaşlığı diktə edir”, - deyə parlament Sədrinin müavini qeyd edib.

Azvision.az


Teqlər: Adil-Əliyev   Milli-Məclis  





Xəbər lenti