Penitensiar xidmətin 40 əməkdaşı işdən çıxarılıb

 Penitensiar xidmətin 40 əməkdaşı işdən çıxarılıb
  23 May 2020    Oxunub:3987
Son iki ildə Penitensiar xidmətin 470-ə yaxın əməkdaşı intizam məsuliyyətinə cəlb olunub.
Azvision.az xəbər verir ki, bu barədə Ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə Penitensiar və Tibb xidmətlərinin rəhbərliyinin, cəzaçəkmə müəssisələri rəislərinin, habelə nazirliyin digər aidiyyəti məsul işçilərinin iştirakı ilə videokonfrans formatında keçirilən əməliyyat müşavirəsində bildirilib.

Müşavirədə çıxış edən nazir penitensiar xidmətin fəaliyyətinin dövlət başçısının tapşırıqlarına uyğun qurulmasını, bu sahədə mövcud nöqsan və çatışmazlıqların aradan qaldırılmasını diqqətə çatdırıb. Bəzi əməkdaşlar tərəfindən xidməti vəzifələrinin icrasına laqeyd yanaşılmasını, neqativ hallara və korrupsiyaya şərait yaradan pozuntulara yol verilməsini qeyd edərək bunların insanları narazı saldığını, şikayətlər doğurduğunu bildirib.

Bununla bağlı sui-istifadə, vətəndaşların haqlı narazılığına səbəb olan pozuntulara, o cümlədən korrupsiyaya şərait yaradan hallara görə son iki ildə Penitensiar xidmətin 470-ə yaxın əməkdaşı intizam məsuliyyətinə cəlb olunub, onlardan 40 nəfəri ədliyyə orqanlarından xaric edilib və ya vəzifədən azad olunub, 2 nəfər barəsində materiallar istintaqa verilib.

Müşavirədə ölkə başçısının dürüstlük, şəffaflıq, ədalət, xalqa xidmət və qanunun aliliyi prinsiplərinin üstün tutulması barədə tələblərinin hər bir əməkdaşın fəaliyyətində rəhbər tutulmasının zəruriliyini vurğulayıb, qanunçuluğa, etik davranış qaydalarına dönmədən əməl olunmasının, vətəndaş-məmur münasibətlərinin sağlam zəmində qurulmasının, insanların müraciətlərinə hər zaman qayğı və həssaslıqla yanaşılmasının hər bir əməkdaşın ümdə vəzifəsi olduğu bildirilib.

Bununla yanaşı, ədliyyə işçisinin adına və nüfuzuna xələl gətirən hərəkətlərin yolverilməzliyi, lazımi nəticə çıxarmayan və işində dönüş yaratmayan əməkdaşların penitensiar sistemdə yer olmadığı və qanun pozuntularına qarşı ən ciddi tədbirlərin görüləcəyi qeyd edilib.

Azvision.az


Teqlər: Ədliyyə-Nazirliyi  





Xəbər lenti