Almaniyadan ədalətli mövqe: Ermənistana böyük zərbə vuruldu - ŞƏRH

  24 May 2020    Oxunub : 11149
  Almaniyadan ədalətli mövqe:  Ermənistana böyük zərbə vuruldu -  ŞƏRH
"Hələ aprel ayının əvvəlində Almaniya Federal Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Qafqaz və Orta Asiya ölkələri üzrə müvəkkili Michael Siebert öz "Twitter" hesabından Dağlıq Qarabağda keçirilən saxta seçkilərlə bağlı bəyanat verib. O bildirib ki, Dağlıq Qarabağdakı "prezident və parlament seçkiləri"nin qanuni bazasını tanımırlar. Həm "seçkilər", həm də onların nəticələri qanunsuzdur”.
Bunu Azvision.az -a Azərbaycan-Almaniya Federativ Respublikası parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, deputat Nurlan Həsənov deyib.

Deputat bildirib ki, bu, Almaniyanın Dağlıq Qarabağ münaqişəsində necə mövqe nümayiş etdirdiyini göstərir: "Ermənilərin qondarma “Dağlıq Qarabağ Respublikasının nümayəndəliyi”nin fəaliyyətinin məhz Almaniyada təmin edilməsinə bu qədər önəm verməsi təsadüfi deyil. Onlar Almaniyanın mövqeyinin Avropa İttifaqının siyasətinin formalaşdırılmasında həlledici olduğunu bilərək bu cəhdlərə yönəlirlər. "Nümayəndəliyin" fəaliyyətinə icazə verilməməsi isə işğalçı Ermənistanın, separatçıların leqallaşdırılması məqsədi güdən saxta xarici nümayəndəliklərin yaradılması arzusunu gözündə qoydu. İndi hətta onlara Almaniyada cinayət işi açıla bilər. Onlar Berlində, daha öncə Münxen təhlükəsizlik konfransında siyasi arenadakı bu növ məğlubiyyətləri hələ qarşıdakı illərdə daha çox dadacaqlar. Düşünürəm ki, Almaniyanın bu cür ədalətli mövqe nümayiş etdirməsi, Azərbaycan diplomatiyasının, əsasən ölkəmizin Berlindəki səfirliyinin və diasporamızın bu istiqamətdə uğurlu fəaliyyəti təqdirəlayiqdir. Əgər bu istiqamətdə fəaliyyəti davam etdirsək, bu, presedent qərar kimi istifadə oluna bilər. Yəni, Almaniyanın qondarma rejimlə bağlı qərarı, saxtakar Dağlıq Qarabağ rejimi nümayəndəliyinin fəaliyyətinə icazə verilməməsi gələcəkdə digər Avropa və dünya ölkələrinin qarşısında bu kimi məsələnin qaldırılması və öz həllini tapmasını daha də asanlaşdıracaq".



N.Həsənov qeyd edib ki, rəsmi Berlinin yeni qərarı çoxəsrlik tarixi olan Azərbaycan-Almaniya dostluq münasibətlərinin əslində necə sıx olduğunu bir daha sübut etdi:

"Mən bu gün mediada oxudum ki, arzach.de saytı, hansı ki, alman turistlərini Azərbaycanın işğal olunmuş ərazilərinə cəlb etməyə çalışırdı, vətənpərvər vətəndaşlarımızın birlikdə göstərdiyi uğurlu fəaliyyət nəticəsində Almaniyanın müvafiq qurumları tərəfindən bağlanıb. Bu, bir nümunə olmalıdır. Bu, tək dövlətin işi deyil, mübarizədə mütləq birlik nümayiş etdirməliyik. Hər kəs, hər bir sıradan vətəndaş, tələbə, həkim, müəllim, hüquqşünas, taksi sürücüsü, siyasi düşüncəsindən asılı olmayaraq, bunu özünə vəzifə saymalıdır, xüsusilə Almaniyada, ümumilikdə xaricdə yaşayan azərbaycanlılar.

Azərbaycan-Almaniya dostluq qrupunun rəhbəri və bir hüquqşünas kimi, Dağlıq Qarabağ münaqişəsinin həllində, dünya ictimaiyyətinə, Almaniya siyasətçilərinə çatdırılmasında hüquqi aspektlərin ön planda tutulmasına çalışacam. Çünki, münaqişənin hüquqi aspektləri nəzərə alınarsa, Ermənistanın Azərbaycan torpağını işğal etməklə öz ərazisini genişləndirməyə çalışması beynəlxalq hüquq normalarını kobud surətdə pozması hər kəs tərəfindən qəbul olunur. Təəssüf ki, dünyada Dağlıq Qarabağ və buna oxşar münaqişələrin həllində hüquq yox, siyasət və siyasi maraqlar daha əhəmiyyətli yer tutur. Bu səbəbdən Dağlıq Qarabağ münaqişəsi məhz hüquq və siyasətin mübarizəsi arasında qiymətləndirilməlidir".

Qeyd edək ki, Almaniya Xarici İşlər Nazirliyi (XİN) Azərbaycan ərazilərinin işğalını qanuni saymır və işğal olunmuş ərazilərdə yaradılan qondarma rejimin mövcudluğunu tanımır. Rəsmi Berlin Arutyun Qriqoryanın başçılıq etdiyi qondarma rejimin Almaniyadakı nümayəndəliyinin fəaliyyətini qanunsuz hesab edir.

XİN-in bununla bağlı yaydığı məlumatda bildirilib: "Almaniya Federativ Respublikası qondarma rejimi tanımır. Müvafiq olaraq qondarma rejimin nə akkreditə olunmuş diplomatik və ya konsulluq nümayəndəsi, nə də tanınmış nümayəndəliyi mövcud deyil".

Həmçinin qeyd olunub ki, bununla əlaqədar Almaniya XİN yazılı şəkildə Qriqoryandan Azərbaycanın işğal altında olan ərazilərində yaradılmış qondarma rejimin diplomatik və ya konsulluq nümayəndəliyini yaratmağı dərhal dayandırmağı tələb edib. Tələbin yerinə yetirilmədiyi təqdirdə hüquqi tədbirlərin görüləcəyi diqqətə çatdırılıb.

Anar Kəlbiyev
Azvision.az

Teqlər: Almaniya   Qarabağ