170 il əvvəl Azərbaycanda yaradılan ilk aptek - FOTOLAR
Qırx ilə yaxındır həmin aptekdə əczaçı kimi çalışan rayonun tanınmış səhiyyə işçisi Əyyub İsmayılov bu aptekin tarixi bina olduğunu deyir. Hər gün səhər saat 8-dən axşam 8-dək uzun bir yol qət edərək öz doğma iş yerinə gələn Əyyub kişi bura işləməyə gələndə ölkənin ilk apteki olduğundan xəbərsiz olub. O vaxtkı ensiklopediyada ilk aptekin məhz burada olduğunu oxuyur və Milli Elmlər Akademiyasında çalışan oğluna bu haqda məlumat verir. Araşdırmalardan sonra buranın ilk aptek olduğu aşkara çıxır: “Çar Rusiyası tərəfindən burada qanuni aptek yaradılıb. Əvvəllər isə balıqçılıq gəmisinin içərisində idi. Sonralar həmin aptek köçürülərək Bankə balıq vətəgəsinin binasında fəaliyyətini davam etdirib. Aptek XX əsrin əvvələrindən indiki binada yerləşir”. Əyyub kişi bu binanın dövlət tərəfindən qorunmasını istəyir.
Rayonda ovaxtkı tikililərdən indiyədək təkcə bu aptek binası qalıb. Onun ikinci mərtəbəsində ötən əsrin 60-cı ilin əvvəllərinə kimi yaşayış da olub.
Yerli sakinlər qeyd edirlər ki, aptek yarandığı gündən çətin əldə olunan dərman preparatları burada asanlıqla tapılıb. Bu, indi də belədir. “Vaxtilə əhali vəba və taun xəstəliklərindən çox əziyyət çəkib. Lakin buna baxmayaraq, bu aptek fəaliyyətini davam etdirib. Bu aptekin xəstəliklərin qarşısının anlınmasında, dava-dərmanın gətirilməsində böyük rolu olub. O dövrdə tapılmayan dərmanlar burada satılıb. Bu günə qədər də fəaliyyətini davam etdirir”, - deyə sakin Sumayə Əsədullayeva bildirib.
Azərbaycanda ilk dəfə olaraq Neftçalada yaradılan və hazırda rayonun Bankə qəsəbəsində fəaliyyətini davam etdirən aptek əvəllər olduğu kimi, bu gün təkcə qəsəbənin deyil, hətta qonşu kəndlərin də əhalisinə xidmət göstərməkdədir. Qalır, bircə 170 il yaşı olan aptekin qorunub gələcək nəslə çatdırılması. (AzərTAc)
Azvision.az