7,5 mindən çox azərbaycanlı Rusiyadan ölkəyə qayıdıb

 7,5 mindən çox azərbaycanlı Rusiyadan ölkəyə qayıdıb
  30 May 2020    Oxunub:3446
28 May - Respublika Günü şəxsən mənim üçün və hər bir azərbaycanlı üçün ən böyük bayramdır.
Bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu TASS agentliyi tərəfindən təşkil edilmiş, Rusiya ilə Azərbaycan arasında münasibətlərin inkişaf perspektivlərinə həsr olunmuş "Rusiya və Azərbaycan: strateji əməkdaşlığın üfüqləri" mövzusunda onlayn mətbuat konfransında bildirib. Konfransa TASS-ın baş direktorunun birinci müavini Mixail Qusman moderatorluq edib.

Polad Bülbüloğlu bildirib ki, səfirlik Azərbaycanın müstəqilliyi gününü qeyd etmək üçün adətən hər il mayın 28-də Moskvada 1000-dən çox insanın iştirakı ilə təntənəli tədbir keçirir. "Biz həmişə fəxr etmişik ki, qonaqlarımız çox olur, tədbirə Rusiya Federasiyasının görkəmli dövlət və siyasi xadimləri, diplomatik korpusun nümayəndələri, tanınmış insanlar qatılır. Pandemiya şəraitində düşündük ki, nə edək? Bir yerə toplaşmaq olmaz, dəvət etmək olmaz. Odur ki, TASS agentliyindən videokonfrans keçirmək təklifinin gəlməsi lap yerinə düşdü", - deyən səfir buna görə TASS dövlət agentliyinin baş direktoru Sergey Mixaylova, baş direktorun birinci müavini Mixail Qusmana və konfransın qonaqlarına təşəkkür edib.

P.Bülbüloğlu vurğulayıb ki, Azərbaycan xalqlarımız arasında bir neçə əsr ərzində formalaşmış tarixi, mədəni və mənəvi əlaqələrə həmişə qayğı və dərin ehtiram hissi ilə yanaşıb. "Qarşılıqlı münasibətlərdə sabitlik ticari, iqtisadi və investisiya əlaqələrini ildən-ilə artırmağa imkan verir. Bu da olduqca əhəmiyyətlidir və bu gün bir neçə dəfə vurğulandı ki, bunlar, həmçinin inkişaf etməkdə olan humanitar və mədəni əlaqələrdir, o cümlədən gənclərimizin burada, Rusiyada təhsil almaları və Bakıda Rusiyanın aparıcı universitetlərinin filiallarının açılması məsələləridir", - deyə diplomat qeyd edib.

O vurğulayıb ki, iqtisadi əlaqələrimizi genişləndirmək və dərinləşdirmək üçün Azərbaycan Prezidenti İlham Əliyevin Fərmanı ilə ticarət nümayəndəliyi açılıb. Nümayəndəlik ölkələrimiz arasında iqtisadi münasibətlərin inkişafı məsələləri ilə dərindən məşğul olur.

Diplomat deyib: "Ötən ilin sonunda dövlətlərarası əməkdaşlığımızın dinamikasını əyani əks etdirən çox mühüm hadisə baş verdi. Prezidentlərimizin təşəbbüsü ilə Samur çayı üzərindən "Şimal-Cənub" nəqliyyat dəhlizinin çox mühüm komponenti olan yeni avtomobil və piyada körpüsü, keçid inşa edilərək açıldı. Bu körpü sadəcə bir çayın iki sahilini deyil, həm də ölkələrimizi və xalqlarımızı, xüsusilə, sərhəd rayonlarında yaşayan və işləyən insanları birləşdirir.

Azərbaycan Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumunun qonağı elan edilib. Biz buna çox fəal hazırlaşırıq və ümidvarıq ki, o vaxta qədər pandemiya zəifləyəcək və biz səylə hazırlaşdığımız bütün tədbirləri keçirməyə müvəffəq olacağıq. Azərbaycan və Rusiya arasında formalaşmış qarşılıqlı etimad mühiti, şəksiz ki, ilk növbədə liderlərimizin bu gün barəsində çox danışdığımız qarşılıqlı münasibətlərinə əsaslanır".

P.Bülbüloğlu xüsusi vurğulayıb ki, 2019-cu ilin noyabrında Mehriban Əliyevanın Moskvaya respublikamızın Birinci vitse-prezidenti kimi ilk rəsmi səfəri olub. Bu səfər çərçivəsində ölkələrimiz arasında ən yüksək səviyyədə çox mühüm ikitərəfli görüşlər keçirilib. Birinci vitse-prezident Mehriban Əliyeva X Azərbaycan-Rusiya Regionlararası Forumunda çıxış edib. O, Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisi ərazisində bərpa edilmiş Azərbaycan pavilyonunun açılışında da iştirak edib. "Bilavasitə Mehriban Əliyevanın başçılıq etdiyi Heydər Əliyev Fondunun bizim fəaliyyətimizdəki böyük rolunu xüsusi vurğulamaq istərdim. Bu Fond ölkələrimiz arasında mədəni əlaqələrin inkişafına misilsiz töhfə verir", - deyə səfir bildirib.

Azərbaycanda keçirilən beynəlxalq tədbirlərdən danışan səfir xatırladıb ki, bu yaxınlarda Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü və onun sədrliyi ilə videokonfrans rejimində Qoşulmama Hərəkatının və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının zirvə görüşləri çağırılıb və böyük müvəffəqiyyətlə keçirilib. Qoşulmama Hərəkatının zirvə görüşünə iri beynəlxalq təşkilatların rəhbərləri qatılıb, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının zirvə görüşü isə koronovirus infeksiyasına qarşı mübarizə mövzusuna həsr edilib.

"Azərbaycan artıq 30 ildir ərazilərimizin 20 faizini işğal altında saxlamağa davam edən qonşu Ermənistanla müharibə vəziyyətindədir. Hazırda pandemiya şəraitində məsələnin sülh yolu ilə həllinə BMT rəhbərliyinin çağırışını eşitmək səsləri eşidilir. Biz bununla razıyıq. Lakin əvvəlcə BMT Təhlükəsizlik Şurasının icrası məcburi olan, bununla belə, icra olunmayan dörd qətnaməsi yerinə yetirilməlidir. Biz məsələnin sülh yolu ilə həllinə tərəfdarıq, lakin sülh danışıqları əbədi davam edə bilməz və bunu bütün tərəfdaşlarımız, region üzrə qonşularımız və ilk növbədə Ermənistanın rəhbərliyi nəzərə almalıdır. Azərbaycan Prezidenti İlham Əliyev ötən il Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə İordaniya Kralı, habelə Qazaxıstan və Filippin prezidentləri ilə birlikdə "Valday" Beynəlxalq Diskussiya Klubunun 16-cı iclasının plenar iclasında iştirak edib. O, burada Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair Azərbaycanın mövqeyini bir daha beynəlxalq ictimaiyyətə çatdırıb və onun mövcud olan yeganə beynəlxalq hüquqi həlli yolunu göstərib. Odur ki, biz tərəfdaşlarımızdan, dünyanın başqa ölkələrindən, Minsk qrupunun üç həmsədrindən dəstək gözləyirik", - deyə P.Bülbüloğlu bildirib.

Faşizm üzərində Böyük Qələbənin tarixi təcrübəsi göstərir ki, yalnız müharibəni doğurmuş səbəblər aradan qaldırılandan sonra sülhə nail olmaq mümkündür və ümumi tariximizin ibrət dərsini xatırlamaq bu gün həmişəkindən daha vacibdir.

AzərTAc-ın məlumatına görə, Polad Bülbüloğlu xatırladıb ki, Azərbaycanla Rusiya arasında sərhəd koronavirus pandemiyasına görə bağlanıb: "Bildiyiniz kimi, Rusiyada minlərlə Azərbaycan vətəndaşı çətin vəziyyətə düşüb. Təyyarələrin uçmayacağı, sərhədlərin bağlanacağı, bu xəstəliyin insanları cənginə alacağı və onları çox ağır vəziyyətə düşürəcəyi hələ iki ay əvvəl bizə qorxulu yuxu təsiri bağışlardı.

Qısa müddətdə bizim baş nazirlər üç dəfə, xarici işlər nazirlərimiz üç dəfə danışıblar, Vladimir Vladimiroviç Putin məxsusi olaraq İlham Əliyevə zəng edib. Əlbəttə, bizim problemlərimiz var, Rusiya ilə Azərbaycan arasında quru sərhədində çoxlu insan toplaşıb. Biz həmin insanların tezliklə Vətənə qayıtmaları üçün mümkün olan hər şeyi edirik. Lakin qarşımızı kəsən problemlər var. Bunlar ilk növbədə karantin, tibbi, müalicə problemləri və s.-dir. Bu konfransdakı fürsətdən istifadə edib, ağır vəziyyətdə olan vətəndaşlarımıza kömək etmiş Dağıstan rəhbərliyinə və sakinlərinə böyük təşəkkürümü bildirmək istərdim. Biz dəfələrlə onlara müraciət etmişik, qayıtmamalarını, haradasa müvəqqəti gözləmələrini xahiş etmişik, lakin insanları da başa düşmək olar: onlar iş yerlərini itiriblər, mənzil haqqı ödəyə bilmirlər, sərhədi sürətlə keçmək ümidi ilə Dağıstana gedirlər və təbii ki, həm yerli hakimiyyətə, həm də sərhədi keçərkən problemlər yaradırlar.

Rəqəmləri açıqlamaq istəyirəm. Əgər martın ortalarını götürsək, 7,5 mindən çox Azərbaycan vətəndaşı artıq Vətənə qayıda bilib. Vladimir Vladimiroviç Putinin İlham Heydər oğlu Əliyevlə söhbətindən sonra 400-dək adam Samurdan keçən quru sərhədi ilə qayıdıb. 175 vətəndaşımız təyyarə ilə gətirilib. İnsanların düşdüyü ağır vəziyyəti yüngülləşdirmək üçün mümkün olan bütün tədbirlər görülür".

Azvision.az


Teqlər: PoladBülbüloğlu  





Xəbər lenti