"Azərbaycanın Türkiyəyə ixracı 36 faiz artıb" - Komitə sədri

   "Azərbaycanın Türkiyəyə ixracı 36 faiz artıb" -    Komitə sədri
  31 May 2020    Oxunub:3422
“2019-cu ilin məlumatlarına görə, Türkiyə Azərbaycanın xarici ticarət tərəfdaşları arasında ikinci yerdə durur”.
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Onun sözlərinə görə, keçən dövr ərzində Azərbaycanla Türkiyə arasında xarici ticarət dövriyyəsi 33 faiz artaraq, 4,5 milyard ABŞ dollara çatıb:

“Azərbaycanın ixracında Türkiyə çox mühüm yer tutur. 2019-cu ildə Azərbaycanın bu ölkəyə ixracı 36 faiz artaraq 2,9 milyard ABŞ dolları təşkil edib. 2017-ci ildən etibarən Azərbaycan Türkiyə ilə xarici ticarət dövriyyəsində hər zaman müsbət saldoya malik olub. 2019-cu ildə bu saldo rekord şəkildə artaraq 1,2 milyard ABŞ dollara çatıb. Azərbaycan Türkiyə iqtisadiyyatına 18,5 milyard ABŞ dolları, Türkiyə isə Azərbaycan iqtisadiyyatına 12,5 milyard ABŞ dolları investisiya qoyub”.

Komitə sədri bildirib ki, Preferensial Sazişin imzalanması Azərbaycanın qeyri-neft sektorunda ixracının artmasında mühüm rol oynayacaq: “Sazişdə 15 mal qrupu üzrə hər iki ölkə arasında həm kvota, həm də rüsumun sıfıra endirilməsi ilə bağlı mühüm müddəalar öz əksini tapıb”.

Anar Kəlbiyev
Azvision.az


Teqlər:





Xəbər lenti