Deputatdan veteranlarla bağlı təklif: Müavinət artırılsın!

  31 May 2020    Oxunub : 2476
Deputatdan veteranlarla bağlı təklif:   Müavinət artırılsın!
“Ünvanlı sosial yardım haqqında” qanunun 3-cü maddəsinə müharibə veteranları ilə bağlı müddəanın əlavə edilməsini zəruri sayıram”.
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Razi Nurullayev “Ünvanlı dövlət sosial yardımı haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Deputat bildirib ki, Qarabağ müharibəsi veteranlarına, əlillərinə, şəhidlərin ailə üzvlərinə dövlət tərəfindən güzəşt və imtiyazlar müəyyən edilib: “Pandemiya ilə bağlı tətbiq edilən karantin rejimi göstərdi ki, bu kateqoriyadan olan şəxslərin daha çox qayğıya ehtiyacı var və keçmiş döyüşçülərin maddi və sosial durumları ürəkaçan deyil. Veteranlara verilən müavinətin miqdarı 80 manatdır. Bu məbləğ ölkə üzrə müəyyən edilmiş 160 manat ehtiyac meyarından 2 dəfə azdır. Yeri gəlmişkən, 80 manata görə keçmiş döyüşçülərə və onların həyat yoldaşlarına 190 manat məbləğində bir dəfəlik yardım belə verilmədi. Ancaq ki, “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsinə əsasən, dövlətimiz veteranlara əmək haqqının minimum səviyyəsindən az olmayan yaşayışa təminat verir. Bildiyimiz kimi, bu il ölkə üzrə minimum əmək haqqı 250 manat müəyyən edilib. Bu baxımdan hesab edirəm ki, keçmiş döyüşçülərə ödənişlərin miqdarı artırılmalı və minimum əmək haqqı miqdarına çatdırılmalıdır. Ümumiyyətlə, veteran, qazi, şəhid ailələrinin maddi və mənzil şəraitinin yaxşılaşdırılmasına dair təkliflər Milli Məclisə, müvafiq orqanlara təqdim olunub, mənə də müraciətlərin sayı çoxdur. Hesab edirəm ki, bu məsələlərə yenidən baxılmalıdır, veteran, qazi, şəhid ailələrinin maddi və mənzil şəraitinin yaxşılaşdırılması kompleks şəkildə aparılmalıdır”.

Anar Kəlbiyev
Azvision.az

Teqlər: Milli-Məclis