Deputat parlamentdə kəndlilərin problemini qaldırdı

Deputat parlamentdə kəndlilərin problemini qaldırdı
  02 İyun 2020    Oxunub:2755
“Təmsil etdiyim İmişli rayonunda örüş yeri problemi var. Kəndlinin örüş sahəsi olmasa, o kəndli necə yaşaya bilər? Bu kəndli inəyini, qoyununu, keçisini harada saxlasın? İmişlidə kəndlilərin yaxşı bir sözü var. Deyirlər ki, inəyimizi ayağımıza bağlayıb saxlayaq?”
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Razi Nurullayev deyib.

Deputat bildirib ki, İmişli böyük torpaq sahələri olan rayondur: “Amma əhali örüş yeri tapmır ki, heyvan saxlasın. Bəs nə ilə dolansın? Adına 10-15 sot torpaq var, yaxud bir "dırıngilet" maşın var, yardım ala bilməz, heyvan saxlamaq istəyir ki, dolanışığı olsun, örüş sahəsi isə yoxdur. Niyə yoxdur? Adam var ki, adına beş min hektar, 100, 200, 300, 500, 1000, 2000 hektar torpaq sahələri var. Məsələ burasındadır ki, elə icarədarlar var ki, onlar həqiqətən də əkin-biçinlə məşğuldurlar. Amma, elə sahələr var ki, sadəcə çəpərlənib, nə istifadə edilir, nə də əkilib-becərilir. Özünün beş-on heyvanını saxlayır. O böyük və istifadəsiz torpaq sahələri kimə məxsusdur? Böyük əksəriyyəti Bakıdakı məmurlara, rayonda vəzifə tutanlara. Bəs kasıb nə etsin?

Biz torpaqlarla bağlı yeni qanunun hazırlanmasına başlamalıyıq ki, qalan əraziləri xilas edək. Çıxış yollarından biri torpaq sahiblərinin və icarədarların qeyri-qanuni, rüşvət və vəzifə səlahiyyətlərindən istifadə edib, sahib olduqları torpaqlarının heç olmasa 30-40 faizindən könüllü şəkildə imtina edərək xalqa qaytarmasıdır. İmişlinin yeni icra başçısı Elçin Rzayev, yaxud digər rayonlara təyin edilən yeni başçılar təkbaşına işləyə bilməzlər. Biz torpaqlarla bağlı qanunvericiliyə dəyişiklik etməklə, onlara da kömək etmiş olarıq”.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Milli-Məclis  





Xəbər lenti