“Prezidentin çıxışları Ermənistanı təşvişə salır” - Ermənişünas alim

 “Prezidentin çıxışları Ermənistanı təşvişə salır” -  Ermənişünas alim
  05 İyun 2020    Oxunub:9128
Prezident İlham Əliyev dəfələrlə İrəvanın və Qərbi Azərbaycanda qalan ərazilərimizin əzəli Azərbaycan torpaqları olduğunu bəyan edib. Şübhəsiz ki, bu, Ermənistanda narahatlıq yaradır.

Bunu Azvision.az -a açıqlamasında Kayseridəki Ərciyəs universitetinin dosenti, ermənişünas alim Qafar Çaxmaqlı deyib.
Onun sözlərinə görə, 1918-ci ildə Ermənistan respublikası 9 min kvadrat km ərazidə yaradılmışdı və elə də tanınmışdı: “Sovet illərində Ermənistanın ərazisi 29,8 min kvadrat km-ə çatdırıldı. 20 min kvadrat km ərazi Azərbaycan torpaqları hesabına Ermənistana verilmişdi. Bu, tarixi faktdır. Bundan ermənilər qaça bilməzlər. Azərbaycan Prezidenti doğru olaraq vurğulayır ki, bizim 1918-ci ildə əvvəlcə İrəvan və onun ətrafında olan ərazilər Ermənistana ədalətsiz şəkildə verildi. Sonrakı illərdə Zəngəzur bölgəsi və digər ərazilər ermənilərə verildi. İrəvan xanlığı Azərbaycan ərazisidir. Bu ərazi Rusiya tərəfindən 1828-ci ildə işğal edildi. Oraya erməni əhalisi köçürüldü və adını erməni vilayəti qoydular. Daha sonra qərar dəyişdirildi. Bu fakt heç kəs də şübhə doğurmamalıdır”.

Q.Çaxmaqlı bildirib ki, ermənilər tarixi faktları saxtalaşdırır və reallığı qəbul etmək istəmirlər.

“Onların orta məktəb tarix kitablarında İrəvanın qədimdən guya ermənilərə aid olduğu qeyd edilir. Bu, düzgün fakt deyil. Prezidentimiz dəfələrlə vurğulayıb ki, bu ərazilər Azərbaycan torpaqlarıdır. Ermənilər Qafqaz xalqı olmayıb, bura gəlmədilər. Ölkə başçısı dəfələrlə İrəvanın, Zəngəzurun Azərbaycan torpaqları olduğunu deyib və bildirib ki, biz bu ərazilərə qayıdacağıq”.

Ermənişünas alim, həmçinin qeyd edib ki, ölkə başçısının çıxışlarından sonra Ermənistan rəhbərliyi təşvişə düşür.

“Azərbaycanın öz ərazilərinə iddiasını ortaya qoyması erməniləri narahat edir. Bu, belə də olmalıdır. Çünki ermənilər Dağlıq Qarabağa aidiyyatları olmasa da, bura iddialarını qoyublar və torpaqlarımızı işğal ediblər. Onlar Naxçıvana, həmçinin Gürcüstanın Ahısxa bölgəsinə də iddia edirlər. Buna qarşılıq olaraq biz də Ermənistanda olan tarixi ərazilərimizə iddiamızı ortaya qoymalıyıq və buna tam haqlıyıq. Həm də bizim tarixən yaşadığımız o ərazilərdə zaman-zaman 2 milyon yarım əhali köç edilib. Qərbi Azərbaycan kökənli insanlar müxtəlif ölkələrdə yaşayırlar”.

Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 3-də Tərtər Olimpiya İdman Kompleksi ilə tanışlıqdan sonra rayonun bir qrup idmançısı ilə görüşüb. Dövlət başçısı çıxışında bildirib ki, indiki Ermənistan ərazisində tarixi Azərbaycan adları, şəhərlərin, kəndlərin adları dəyişdirilib:

"Bu adlar neçənci ildə dəyişdirilib? Ona görə biz deyəndə ki, indiki Ermənistan tarixi Azərbaycan torpağında yaradılıb, tam həqiqəti deyirik. Biz yaxşı bilirik ki, ermənilər bizim torpağımıza, o cümlədən indiki Ermənistan ərazisinə XIX əsrin əvvəllərində köçürülüblər, Rus-İran müharibəsindən sonra. Tərtərlilər yaxşı bilirlər və Azərbaycan xalqı da bilir ki, 1978-ci ildə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisindəki kəndlərin birində ermənilərin bu bölgəyə gəlməsinin 150 illiyini əks etdirən abidə ucaldılıb. 1978-ci ildən 150 ili çıxın, deməli 1828-ci ildə gəliblər. Müharibə başlayan kimi o abidəni dağıdıblar, amma onun qalıqları qalıb və indi istənilən adam gedib baxa bilər. Onun şəkillərini də göstərmək lazımdır. Onlar gəlmədilər, Şərqi Anadoludan və İrandan bizim torpaqlarımıza köçürülüblər. Bu proses XIX əsrin əvvəllərindən başlanmışdır və sonralar daha geniş vüsət almışdır. Mən deyəndə ki, İrəvan bizim qədim torpağımızdır, tam həqiqəti deyirəm. Bunu hər kəs bilir. Əgər belə olmasaydı, Azərbaycan Demokratik Respublikası nə üçün onda qərar qəbul edib ki, İrəvanı Ermənistana versin, bağışlasın. Özü də nə vaxt? Müstəqillik elan olunandan bir gün sonra. Müstəqillik 1918-ci il mayın 28-də elan edilib. 1918-ci il mayın 29-da isə qərar qəbul edilib, özü də yekdilliklə yox. Bu qərarın əleyhinə çıxanlar da olubdur, amma onların rəyi nəzərə alınmayıb. Azərbaycan Demokratik Respublikası tərəfindən qərar qəbul edilib ki, İrəvan Ermənistana bağışlanılsın, verilsin. Bunu unutmaq olmaz və bunu bağışlamaq da olmaz. Hər kəs bunu bilsin".

Aytən Zəhra
Azvision.az


Teqlər: Alim   Tarix  





Xəbər lenti