Donorluqla bağlı vahid informasiya bazası yaradılır

  04 İyun 2020    Oxunub : 1764
 Donorluqla bağlı vahid informasiya bazası yaradılır
Azərbaycanda insan orqanlarının donorluğu və transplantasiyası işinin təşkili və əlaqələndirilməsi müvafiq icra hakimiyyəti orqanının yaratdığı Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi tərəfindən həyata keçiriləcək.
Azvision.az xəbər verir ki, bu barədə “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanun layihəsində qeyd olunub.

Layihəyə əsasən, Koordinasiya Mərkəzi orqan transplantasiyası və donorluqla bağlı informasiya təminatını həyata keçirəcək, tibb müəssisələrindən məlumatların qanunvericiliyə müvafiq qaydada toplanılmasını təmin edəcək, resipiyentlərin, donorların, donor orqanlarının uçotunu aparacaq, donor orqanlarının resipiyentlərə verilməsi ardıcıllığını təmin edəcək, orqan donorluğu və transplantasiyası sahəsində fəaliyyəti koordinasiya edəcək. Koordinasiya Mərkəzi transplantasiya məqsədilə insan orqanlarının ölümdən sonra transplantatın alınması və orqan transplantasiyası əməliyyatlarının yerinə yetirilməsini nəzərdə tutan tibbi fəaliyyəti həyata keçirə bilməz.

İnsan orqanlarının donorluğu və transplantasiyası sisteminə aşağıdakılar daxildir:

- müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum);

- Koordinasiya Mərkəzi;

- orqan donorluğu və transplantasiyası üzrə vahid dövlət informasiya sistemi;

- canlı şəxsdən və meyitdən donor orqanı götürülməsinə və transplantasiyasına lisenziyası olan tibb müəssisələri;

- məhkəmə-tibb ekspertiza xidməti;

- etika komissiyası;

- transplantasiya məqsədilə insanın donor orqanlarının daşınması işlərini (xidmətlərini) icazə əsasında həyata keçirən tibbi və digər təşkilatlar.

İnsan orqanlarının donorluğu və transplantasiya xidmətinin əlaqələndirilməsi və monitorinqinin aparılması məqsədi ilə transplantatın götürülməsini və transplantasiyasını həyata keçirən tibb müəssisələrinin ştat cədvəlinə transplantasiya üzrə koordinator vəzifəsi daxil ediləcək. Transplantasiya üzrə koordinator ali tibb təhsilli mütəxəssisdir. Transplantasiya üzrə koordinator vəzifəsi ilə bağlı ixtisas tələbləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.Transplantasiya üzrə koordinator tibb müəssisəsinə müraciət etmiş resipiyent haqqında məlumatı vahid dövlət informasiya sisteminə ötürür və uyğun donor tapılması prosesini izləyəcək, meyit donorun orqanlarından transplantasiya məqsədi ilə istifadə edilməsi barədə sağlığında razılıq verməsi, yaxud imtina etməsi barədə məlumatları vahid dövlət informasiya sistemindən öyrənəcək, canlı donordan məlumatlandırılmış razılıq alaca və həmin məlumatları vahid dövlət informasiya sisteminə daxil edəcək, sağlığında donorluq barədə iradəsini ifadə etməmiş meyit donorun orqanlarının götürülməsi ilə bağlı onun yaxın qohumlarından razılıq alacaq və həmin məlumatları vahid dövlət informasiya sisteminə daxil edəcək. Eyni zamanda tibb müəssisəsində potensial donorun olması barədə məlumatları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada vahid dövlət informasiya sisteminə daxil edilməsini təmin edəcək, tibbi, o cümlədən diaqnostik müdaxilələrin həyata keçirilməsi üçün zəruri olan tədbirlər də daxil olmaqla, insan orqanlarının donorluğu prosesinin həyata keçirilməsi ilə bağlı təşkilati xarakterli tədbirlərdə, eləcə də donor orqanlarının daşınmasının təşkili işində iştirak edəcək, insan orqanlarının donorluğu ilə bağlı tibbi fəaliyyətdə iştirak edən tibb müəssisəsinin struktur bölmələrinin əməkdaşları ilə qarşılıqlı fəaliyyət göstərəcək.

Transplantasiya üzrə koordinator öz funksional vəzifələrini həyata keçirərkən insanın ölüm anının müəyyən edilməsində, transplantatın götürülməsində və transplantasiyasında iştirak edə, eləcə də resipiyentlərin maraqlarını təmsil edə bilməz. Koordinasiya Mərkəzi insan orqanlarının donorluğu və transplantasiyası sisteminin fəaliyyətinin təmin edilməsi məqsədilə donorlar, resipiyentlər və donor orqanlarının vahid informasiya bazasının yaradılmasını və reyestrinin aparılmasını həyata keçirəcək.

Transplantasiya üzrə vahid dövlət informasiya bazasında aşağıdakı istiqamətlər üzrə reyestrlər yaradılacaq, informasiyalar toplanacar və saxlanılacaq:

- ölümündən sonra donorluğa razılıq vermiş şəxslərin reyestri;

- ölümündən sonra donorluqdan imtina etmiş şəxslərin reyestri;

- canlı donorların reyestri;

- resipiyentlərin reyestri;

- sümük iliyi donorluğuna namizədlərin reyestri;

- süni orqan və material köçürülmüş xəstələrin reyestri;

- transplantasiyaya icazəsi olan tibb müəssisələrin reyestri;

- transplantasiya koordinatorlarının reyestri;

- Donorlar, resipiyentlər və donor orqanlarının vahid informasiya bazasının və həmin informasiya bazasına daxil olan reyestrlərin yaradılması və fəaliyyəti qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunacaq.

Orqan donorluğu və transplantasiya fəaliyyətinə icazəsi olan tibb müəssisəsində həkim komissiyası tərəfindən xəstəyə donor orqanın transplantasiyası zərurəti və onun resipiyent kimi donor orqanı gözləyənlər siyahısına daxil edilməsi haqqında qərar qəbul edildikdən və xəstənin yazılı şəkildə məlumatlandırılmış razılığı alındıqdan sonra bir iş günü ərzində həmin tibb müəssisəsi tərəfindən şəxs resipiyent kimi donor orqanı gözləyənlər siyahısına daxil ediləcək və onun adına resipiyentin gözləmə vərəqəsi tərtib olunacaq. Resipiyentin gözləmə vərəqəsinin bir nüsxəsi resipiyentlərin vahid dövlət reyestrinə daxil edilmək üçün Koordinasiya Mərkəzinə göndəriləcək, bir nüsxəsi isə resipiyentin özünə təqdim ediləcək. Şəxsin resipiyent kimi donor orqanı gözləyənlər siyahısına daxil edilməsi qaydası, resipiyentin gözləmə vərəqəsinin və məlumatlandırılmış razılıq ərizəsinin forması, tərtib olunması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.

Anar Kəlbiyev
Azvision.az

Teqlər: Qanun   Layihə   Transplantasiya