“Dilqəmlə Şahbaza qarşı qeyri-insani rəftar olunur” - Vitse-spiker
Bildirilib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bu beynəlxalq qurumla münasibətlər daha da genişlənib, yeni müstəviyə qədəm qoyub. Söhbət zamanı komitənin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar 1992-ci ildən etibarən Azərbaycanda fəaliyyəti, itkin düşmüş şəxslərin məsələlərinin diqqət mərkəzində saxlanması, eləcə də təmas xətti yaxınlığında yaşayan insanların təhlükəsizliyinin qorunması və onlara yardım göstərilməsi sahəsində gördüyü işlər barədə fikir mübadiləsi aparılıb.
Milli Məclis Sədrinin müavini Adil Əliyev Ermənistanın Azərbaycana təcavüzü, əzəli torpaqlarımızın zəbt olunması nəticəsində 1 milyondan çox soydaşımızın məcburi köçkün olmasını, Ermənistanın apardığı təcavüzkar siyasətin İnsan Hüquqları haqqında Avropa Konvensiyasının tələblərinə zidd olmasını qonaqların diqqətə çatdırıb.
Bununla yanaşı, vitse-spiker 2014-cü ildə Azərbaycanın tarixi torpağı olan Kəlbəcər rayonuna səfər edən Dilqəm Əsgərov və Şahbaz Quliyevin əsassız olaraq tutulması, hazırda qondarma rejim tərəfindən həbsdə saxlanması, onlarla qeyri-insani rəftar olunması barədə narahatçılığını da dilə gətirib.
Söhbət zamanı qonaqlara itkin düşmüş şəxslərlə bağlı Azərbaycan hökumətinin gördüyü işlər, Milli Məclisdə hazırlanan qanun layihələri barədə məlumat verilib, bu sahələrdə birgə əməkdaşlığın əhəmiyyətindən danışılıb.
Azvision.az