“Qaydalara əməl etməməklə vəziyyəti gərginləşdirdilər” - Deputat

  04 İyun 2020    Oxunub : 2551
   “Qaydalara əməl etməməklə vəziyyəti gərginləşdirdilər” -    Deputat
"COVID-19 infeksiyası hələ də dünya dövlətlərini təhdid içərisində saxlamaqda davam edir. Koronavirus pandemiyasının ilk günlərindən Prezident İlham Əliyev tərəfindən vaxtında qəbul edilən qərarları ölkəmizdə sanitar-epidemioloji vəziyyəti stabilləşdirdi".
Bunu Azvision.az -a deputat Naqif Həmzəyev deyib.

Deputat təəssüflə bildirib ki, bəzi məhdudiyyətlərin aradan qaldırılması, vətəndaşların Operativ Qərargah tərəfindən müəyyən olunmuş qaydalara, sosial izolyasiya tədbirlərinə əməl etməməsi sayəsində koronavirus infeksiyasına yoluxma hallarının sayında artım müşahidə edildi:

"Vətəndaşlar unutdular ki, qadağaların yumşaldılması onların əvvəlki həyat tərzlərinə geri dönmələri demək deyildi. Koronavirus pandemiyasına qarşı mübarizədə gigiyena qaydalarına düzgün əməl olunması, sosial məsafəni gözləmək, tənəffüs yollarını qoruyan tibbi maskalardan istifadə ən vacib tələblərdən idi. Vətəndaşların sosial məsuliyyət hislərini artırmaları, özləri ilə yanaşı, ətrafdakıların da sağlamlığının qarantı idi. Təbii ki, qaydalara riayət edilməməsi, karantin rejimi yenidən sərtləşdirilməsinə, müvafiq məhdudiyyətlərin yenidən tətbiq olunmasına gətirib çıxardı.

Dünya təcrübəsindən də gördük ki, koronavirusun yenidən özünü büruzə verən pandemiyadır. Mövcud qaydalara riayət olunmaması əhali arasında virusa yoluxma sürətini artırdı, xəstələrin sağalma dinamikasına təsir etdi. Virus təhlükəsindən yan keçdiyimizi düşünən vətəndaşlar qaydalara əməl etməməklə vəziyyəti bir qədər gərginləşdirdilər".

N.Həmzəyev qeyd edib ki, vətəndaşların maska taxmaması, məsafə saxlamaması, dezinfeksiya vasitələrindən istifadə edilməməsi bu gün ölkədə koronavirusla bağlı ab-havanın dəyişməsinin səbəb olub:

"Artıq biz qadağaların götürülməsinin, karantin rejiminin yumşaldılmasının əhalidə arxayınçılıq yaratdığının şahidi olduq. Müşahidə etdik ki, əksər vətəndaşların son zamanlar karantin rejiminə əməl etməməsinə görə yoluxanlar və sağalanların sayı arasında ciddi fərq yarandı. Bu səbəbdən də hökumətin karantin rejiminin yenidən sərtləşdirilməsi barədə qərarına məsuliyyətlə yanaşmalı, birmənalı olaraq tövsiyə olunan qaydalara əməl olunmalıdır".

Anar Kəlbiyev
Azvision.az

Teqlər: Deputat   Karantin   Koronavirus