“Məhkəmə-Hüquq Şurası haqqında” qanuna dəyişiklik edildi

   “Məhkəmə-Hüquq Şurası haqqında” qanuna dəyişiklik edildi
  05 İyun 2020    Oxunub:3474
“Məhkəmə-Hüquq Şurası haqqında” qanuna dəyişiklik edilib.
Azvision.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında “Məhkəmə-Hüquq Şurası haqqında” qanuna təklif edilən dəyişiklik birinci oxunuşda müzakirəyə çıxarılıb.

Dəyişiklik ədalət mühakiməsinin keyfiyyətinin və səmərəliliyinin artırılması sahəsində görülən tədbirlər çərçivəsində məhkəmələrin fəaliyyətinin monitorinq sisteminin təkmilləşdirilməsi məqsədi daşıyır.

Qüvvədə olan qanuna görə, hakimin (ilk dəfə hakim təyin edilmiş şəxslər istisna olmaqla) fəaliyyətində peşəkar çatışmazlıqlar aşkar edildikdə, onun fəaliyyəti Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunmuş vaxtda təkrarən, lakin 6 aydan tez və 2 ildən gec olmamaqla qiymətləndirilir. Təkrar qiymətləndirmə zamanı hakimin fəaliyyətində yenidən peşəkar çatışmazlıqlar aşkar edildikdə, onun səlahiyyətlərinə “Məhkəmələr və hakimlər haqqında” qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl xitam verilir. Bu sıraya məhkəmələrin fəaliyyətinin monitorinqi nəticəsində maddi və prosessual hüquq normalarının tətbiqində sistemli xarakter daşıyan nöqsanların da daxil edilməsi təklif olunur.

Başqa sözlə, hakimin (ilk dəfə hakim təyin edilmiş şəxslər istisna olmaqla) fəaliyyətində məhkəmələrin fəaliyyətinin monitorinqi nəticəsində maddi və prosessual hüquq normalarının tətbiqində sistemli xarakter daşıyan nöqsanlar aşkar edildikdə, onun fəaliyyəti Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunmuş vaxtda təkrarən, lakin 6 aydan tez və 2 ildən gec olmamaqla qiymətləndiriləcək. Təkrar qiymətləndirmə zamanı hakimin fəaliyyətində yenidən peşəkar çatışmazlıqlar aşkar edildikdə, onun səlahiyyətlərinə “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada vaxtından əvvəl xitam veriləcək.

Qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Məhkəmə   Hüquq   Qanun   Layihə  





Xəbər lenti