“Həftəsonu qadağası vacib, həm də faydalıdır” - Jalə Əliyeva

  05 İyun 2020    Oxunub : 3481
 “Həftəsonu qadağası vacib, həm də faydalıdır” -  Jalə Əliyeva
Bir neçə aydır ki, koronavirus pandemiyası ilə mübarizə aparırıq. Dövlət səviyyəsində bütün lazımi tədbirlər görülür, adıdmlar atılır. Bunun sayəsində biz virusu müəyyən qədər insanlardan uzaqlaşdırmışıq. Lakin karantin rejiminin yumşaldılması ilə vətəndaşların qaydalara əməl etməsi, maska taxması və sosial məsafə gözləməsi vacibdir. Bunlar edilməsə, yoluxma sayında artım müşahidə olunacaq.
Bunu Azvision.az -a açıqlamasında Milli Məclisin deputatı Jalə Əliyeva deyib.

Onun sözlərinə görə, yumşalmalar ərəfəsində qaydalara əməl edilməməsi vəziyyətin pisə doğru dəyişməsinə səbəb olub.

“Həftəsonu məhdudiyyətlərin tətbiqi təxirəsalınmaz tədbirlərdən biri kimi qiymətləndirilməlidir. Çünki şənbə və bazar günlərində insanlar daha çox gəzməyə və əylənməyə can atırlar. Belə olan halda yoluxmanın sayının artması riski böyükdür. Operativ Qərargah buna görə belə qərarlar vermək məcburiyyətindədir”.

Deputat bildirib ki, vətəndaşlarımız həftəsonu məhdudiyyətlərini onların sağlamlığının qorunması, təhlükəsizliyinin təmin edilməsi addımı kimi qiymətləndirməli və anlayışla qarşılamalıdır.

“Bu günlərdə diqqətli olmaqla önümüzdəki bir həftə - 10 gün ərzində yoluxma sayının azalmasına səbəb ola bilərik. Prezident İlham Əliyevin Tərtər-Ağcabədi rayonlarına səfəri zamanı tibbi maskadan istifadə etməsi vətəndaşlarımıza bir nümunədir. Prezident İlham Əliyev öz addımı ilə ümumi işin xeyri üçün hər kəsin bir nəfər kimi qanunlara əməl etməli olduğu şərtlərini ortaya qoydu. Əminəm ki, insanlarımız bütün bu qaydalar, qadağaların öz faydaları üçün olduğunu dərk edərək, onlara əməl edəcəklər və biz bu problemdən qısa müddətdə qurtalacağıq".

Aytən Zəhra
Azvision.az

Teqlər: Karantin