Çimərliklər mövsümə hazırdır - FOTOLAR

  12 İyun 2020    Oxunub : 8004
   Çimərliklər mövsümə hazırdır -    FOTOLAR
Paytaxtdakı çimərliklərdə mövsümə hazırlıqla bağlı son işlərə yekun vurulub. Çimərliklərdə lazımi təmizlik-abadlıq işləri görülüb, karantin dövrünün tələblərinə uyğun olaraq tibbi-profilaktik tədbirlər həyata keçirilib.
Azvision.az xəbər verir ki, keçən il paytaxt sakinləri, eləcə də şəhərimizin çoxsaylı qonaqlarının istək və arzuları, onların IDEA İctimai Birliyinə müraciətləri nəzərə alınaraq, Birliyin təsisçisi Leyla Əliyevanın təşəbbüsü ilə Bakının dənizkənarı ərazilərində mövcud özəl istirahət mərkəzləri və pullu çimərliklərə alternativ olaraq ictimai çimərliklər yaradılıb.



İlk olaraq belə çimərliklər Səbail rayonunda, “Şıx” çimərlik ərazısındə, daha sonra isə Sahil, Buzovna, Novxanı, Görədil və Pirşağı qəsəbələrində təşkil edilib. Qeyd edilən hər bir qəsəbədə əvvəllər baxımsız vəziyyətdə olan ərazilər təmizlənərək abadlaşdırılıb, burada tələbata uyğun sayda kölgəliklər, soyunub-geyinmə və duş kabinaları, sanitariya qovşaqları, futbol və voleybol meydançaları yaradılıb, dəniz kənarına uzanan yola asfalt çəkilib və hər bir ərazidə avtomobil dayanacağı yaradılıb.



Vətəndaşların istirahərinin təşkili üçün çimərlik ərazilərinə kifayət qədər oturacaq və qamaklar qoyulub, ərazi boyunca zibil konteynerləri, qoruyucu maskaların atılması üçün qutular quraşdırılıb, həmçinin əlavə işlər görülüb.



İDEA İctimai Birliyi tərəfindən yaradılan ictimai çimərliklərə giriş və digər xidmətlərdən istifadə pulsuzdur. Ərazinin təmizliyinin lazımi səviyyədə saxlanılması üçün burada xidmət personalı fəaliyyət göstərir.

Çimərliklərdə Fövqəladə Hallar Nazirliyinin xilasetmə məntəqələri, həmçinin tibb məntəqələri yaradılıb, sərinləşdirici içkilər və müxtəlif ərzaq məhsulları təklif edən köşklər quraşdırılıb.



Karantin şəraiti nəzərə alınaraq hər bir çimərlikdə maarifləndirici lövhələr quraşdırılıb, işçi personal tərəfindən sosial məsafənin saxlanılması, dezinfeksiyaedici vasitələrdən istifadə edilməsi, təmiziyə riayət olunması ilə bağlı vətəndaşlara xəbərdarlıq edilir.

Eyni zamanda, paytaxtın sahilyanı qəsəbələrində fəaliyyət göstərən özəl və digər çimərlik və istirahət mərkəzlərində də karantin şəraitinin tələbləri nəzərə alınmaqla mövsümə hazırlıqla bağlı müvafiq işlər görülüb. Aidiyyəti qurumlar tərəfindən bütün çimərliklərdə dəniz suyunun təmizliyinin yoxlanılması üçün bir neçə dəfə laborator nümunələr götürülüb, həmçinin digər məsələlərlə bağlı monitorinqlər keçirilib.



Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Bayram Həsənov bildirib ki, çimərlik taxtaları arasında 2 metr, çətirlər arasında isə 4 metr məsafə nəzərdə tutulub. Vətəndaşlar arasında sosial məsafənin qorunması üçün ərazidə iplər çəkilib.

Qeyd edək ki, iyun ayının 15-dən ölkədə çimərlik mövsümünə start veriləcək.







Foto: Şahin Sərdarov
Azvision.az

Teqlər: Çimərlik