Bir sıra qanun layihələri qəbul edildi

 Bir sıra qanun layihələri qəbul edildi
  12 İyun 2020    Oxunub:2732
Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilən iclasında bir sıra qanun layihələri qəbul edilib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Azvision.az -a verilən məlumata görə, iclasda “Məhkəmə-Hüquq Şurası haqqında” qanunda və Cinayət-Prosessual Məcəllədə dəyişikliklər ikinci oxunuşda müzakirəyə çıxarılaraq qəbul edilib.

Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov “Naxçıvan Muxtar Respublikasının Babək rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında qanun layihəsi barədə” məlumat verib. Layihə Muxtar Respublikanın Babək qəsəbəsinə şəhər, Cəhri və Nehrəm kəndlərinə qəsəbə statusu verilməsini nəzərdə tutub. Layihə səsə qoyularaq qəbul olunub.

Sonra parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov və Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov “Sanitariya-epidemioloji salamatlıq haqqında”, “Yerin təki haqqında” və “Ətraf mühitin mühafizəsi haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim ediblər. Bildirildi ki, təklif olunan bu dəyişikliklər ekoloji təhlükəsizliyin qorunması məqsədi daşıyır. Sənəd səsə qoyularaq qəbul edilib.

Milli Məclis “Sanitariya-epidemioloji salamatlıq haqqında”, “Yerin təki haqqında” və “Ətraf mühitin mühafizəsi haqqında” qanunlarda dəyişiklik edilməsi barədə”, Mülki Məcəllədə, Şəhərsalma və Tikinti Məcəlləsində, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” və “Reklam haqqında” qanunlarda dəyişiklik edilməsi barədə” qanun layihələrini də qəbul edib.

Daha sonra iclasda “Dövlət rüsumu haqqında” Qanunda dəyişiklik edilməsi barədə” qanun layihəsi müzakirə olunub. Layihə tibb müəssisələrinin akkreditasiyasının keçirilməsi qaydalarını və buna görə tutulan dövlət rüsumunun dərəcələrini müəyyən edir. Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Bununla da Milli Məclisin iclası başa çatıb.

Azvision.az


Teqlər: Milli-Məclis   İclas  





Xəbər lenti