“ASAN Xidmət” dializ xəstələrinə yardım edəcək

   “ASAN Xidmət” dializ xəstələrinə yardım edəcək
  12 İyun 2020    Oxunub:5175
İndiyədək icaze.e-gov.az portalı vasitəsilə 210 minə yaxın icazə alınıb.

Azvision.az xəbər verir ki, bunu Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.
Onun sözlərinə görə, Nazirlər Kabinetinin qərarına əsasən, iyunun 14-ü saat 00:00-dan iyunun 16-sı saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin, Abşeron, Salyan, Kürdəmir, Yevlax və İsmayıllı rayonlarının ərazisində hərəkət icaze.e-gov.az portalından əldə edilən icazələr əsasında tənzimlənəcək.

Belə ki, həmin dövrdə yalnız Nazirlər Kabinetinin qərarı ilə siyahısı müəyyən olunmuş dövlət müəssisə və təşkilatlarının, eyni zamanda, qərarda qeyd olunan digər özəl qurumların əməkdaşları barədə məlumatlar elektron imzadan istifadə edilməklə icaze.e-gov.az portalına daxil edildikdən sonra onların hərəkətinə yol veriləcək.

Ü.Mehdiyev, həmçinin qeyd edib ki, iyunun 14-15-də, yəni sərtləşdirilmiş karantin rejimi dövründə dializ xəstələrinin tibb müəssisələrinə çatdırılması ilə əlaqədar “ASAN xidmət”in 108 “Çağrı xidməti” fəaliyyət göstərəcək. Həmin xəstələrin tibb müəssisələrinə çatdırılması ASAN könüllüləri və onlar üçün ayrılmış xüsusi nəqliyyat vasitələri ilə həyata keçiriləcək.

“Dializə ehtiyacı olan xəstələr 108-ə zəng edib bununla bağlı müraciət edəcəklər. Onlar könüllülər və xüsusi nəqliyyat vasitələri ilə tibb müəssisələrinə çatdırılacaq və dializ prosesindən sonra geriyə, evlərinə qaytarılacaqlar. Bununla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) siyahı almışıq. Siyahıda 9 şəhər və rayon üzrə dializə ehtiyacı olan 972 nəfər var. İki gündür ki, onların hər biri ilə əlaqə saxlayırıq. Kimlərin ki, öz nəqliyyat vasitəsilə tibb müəssisələrinə getmək imkanı var, onların nəqliyyat vasitələrinin və xəstələri müşayiət edəcək şəxslərin icazələri icaze.e-gov.az portalına daxil ediləcək. Nəticədə onlar özləri tibb müəssisələrinə gedib dializ oluna biləcəklər. Kimlərin ki, şəxsi nəqliyyat vasitəsilə dializə getmək imkanı yoxdursa, o şəxslər qabaqcadan müəyyən edilir. Həmin şəxslərin tibb müəssisəsinə çatdırılması və geri qaytarılması təmin olunacaq”, - deyə Ü.Mehdiyev vurğulayıb.

Aytən Zəhra
Azvision.az


Teqlər: ASAN  





Xəbər lenti