Kamran Əliyev sərt karantin şərtlərinə aydınlıq gətirdi

 Kamran Əliyev sərt karantin şərtlərinə aydınlıq gətirdi
  12 İyun 2020    Oxunub:4775
Sərt karantin rejiminin tətbiq olunacağı 9 şəhər və rayonda xüsusi karantin postları ilə yanaşı, mobil postlar da fəaliyyət göstərəcək.

Azvision.az xəbər verir ki, bunu Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.
Onun sözlərinə görə, evdən çıxmasına icazə verilməyən və adları icazə.e-gov.az portalında olmayan vətəndaşlar küçəyə çıxmamalıdır.

“Digər rayonların sakinləri öz maşınları ilə sərt karantin rejimi tətbiq olunmuş rayonların ərazisindən rahat keçə biləcəklər. Həmin ərazidən keçərkən onlar sərt krantin rejiminin olduğu rayonun özünə və kəndlərinə gedə bilməyəcəklər. Gedərlərsə, inzibati xəta kimi qəbul ediləcək və cərimə yazılacaq”.

K.Əliyev bildirib ki, Lənkəranda sərt karantin rejimi şəhərin daxilində nəzərdə tutulub, kəndlərə aidiyyatı yoxdur.

“Yalnız Yevlax, Kürdəmir, İsmayıllı və Salyan rayonlarında şəhərlərlə yanaşı, kəndlərə də karantin aid edilib və rejim qaydaları pozula bilməz. İsmayıllıdan digər rayonların sakinləri nəqliyyat vasitələri ilə keçə bilərlər. Həmin yol şəhərə yaxın ərazidən keçdiyi üçün insanlarda çaşqınlıq yarada bilər. Lakin bu, əhalidə çaşqınlıq yaratmasın ki, yolda nəqliyyat vasitələri hərəkət edir və biz çölə çıxa bilərik”.

Aytən Zəhra
Azvision.az


Teqlər: KamranƏliyev   karantin  





Xəbər lenti